Çempionlar Liqası öncəsi "Sabah"da kritik çatışmazlıq - Dambrauskas nədən narahatdır?

22:20 Sabah 195
Çempionlar Liqası öncəsi "Sabah"da kritik çatışmazlıq - Dambrauskas nədən narahatdır?

Bu il ölkəmizi Çempionlar Liqasında alışdığımız "Qarabağ" yox, son çempion "Sabah" təmsil edəcək.

"Bayquşlar" bir nömrəli klub turnirində ilk dəfə mübarizə aparacaq.

Buna rəğmən Valdas Dambrauskasın yetirmələrindən gözləntilər böyükdür.

Əla mövsüm keçirən Masazır klubunun avrokuboklar üçün hazırlığı da ümidləri bir xeyli artırır.

Son anda ayrılan İqor Noqeyra xaric əsas heyət tam olaraq qorunub saxlandı.

Əlavə olaraq 5 yeni transfer olundu. Yenilərdən hər birinin kifayət qədər hazır olduğunu xüsusi qeyd etmək olar.

Amma litvalı mütəxəssisi narahat edəcək məqam da yox deyil.

Bu qapı mövqeyi ilə bağlıdır.

Düzdü, əsas qapıçı Stas Pokatilov yerindədir.

Yenə "bir nömrə" olaraq davam edəcək.

Amma arxada qalan mövsüm ehtiyat qapıçı statusunda qalan Nicat Mehbalıyev komandadan ayrılıb.

Təcrübəli kiper "Şəfa"nın yolunu tutub.

Əvəzində isə onun yerinə heç bir transfer edilməyib.

Belədə "Sabah" faktiki yalnız Pokatilovun ümidinə qalıb.

Şər deməsən xeyir gəlməz.

Birdən qazaxıstanlı legioner zədələnsə necə olacaq?

Necə ki, "Torpedo" ilə oyuna bir neçə gün qalmış "Zirə"nin yeni qapıçı transferi Maykon Kleyton sınaq matçında sıradan çıxmaqla Rəşad Sadıqovu çətin vəziyyətə saldı. Qısa müddətdə yeni qapıçı transfer olundu.

Bax, eyni hal "Sabah"da yaşansa əsl problemlər onda başlayacaq.

Gənc qapıçı Rəvan Mirzəmmədov çərçivəyə keçməli olacaq.

20 yaşlı oyunçu başa çatan sezon yalnız bir oyunda meydanda olub. O da son turda.

Onun sığortaçısının kim olacağ isə ümumiyyətlə bəlli deyil.

Təbii ki, Çempionlar Liqası kimi yarışa qapı mövqeyində bu cür ciddi boşluqla yollanmaq çox risklidir.

Bəlkə də TNS-lə matçları bu şərtlər altın da qəzasız arxada qoymaq olar.

Amma növbəti mərhələlər üçün klub əlini bərk tutmalıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti