Son illər inkişafda olan azsaylı yerli oyunçulardan biri Abdulla Rzayevdir.
"Sabah"ın yetirməsi xüsusilə "Kəpəz" və "Araz-Naxçıvan"da əla mövsümlər keçirmişdi.
Son mövsümün ikinci yarısını isə "Şamaxı"da kifayət qədər parlaq performansla yadda qalmışdı.
Əbəs deyil ki, hətta ölkənin əsas milli komandasına belə dəvət olundu və debüt etdi.
Parladığı mövsümlərin ardınca bir neçə klubdan ona yaxşı təkliflər olub.
Hətta Samir Abasovun dönəmində "Neftçi" də Rzayevin xidmətində maraqlı idi.
Lakin heç cür müdafiəçinin daha iddialı kluba keçidi və daha da inkişaf etməsi mümkün olmur.
Bunun isə yeganə səbəbİ yetirməsi olduğu "Sabah"la llan müqaviləsidir.
Hər dəfə Abdullanın müqaviləsinin sonuna 1 il qalmış yeni 3 illik anlaşma təklifi alır.
Sevincək imzanı atır, amma davamında harasa icarəyə verilir.
Beləcə onu birbaşa transfer etmək istəyən klublara keçidi müşkülə çevrilir.
Məsələn, "Neftçi" yüksək maaş təklif edir, amma əlavə təzminat ödəməyi istəmir.
Belədə Masazır klubuna deyəcək söz qalmır. Yetirməsidir, pul qazanmaq istəyir.
Artıq oyunçu özü ayılmalı, karyerasını böyük zərbənin altından xilas etməlidir.
Təbii ki, sual yarana bilər necə?
Çox sadə yolu var.
Müdafiəçinin hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Heç bir halda yeni müqavilə təklifinə müsbət cavab vermək olmaz.
Düzdü, klub qarşılığında onu icarəyə verməyə bilər.
Olsun, hətta bu sezonu futbolsuz qalmağı belə göz önünə almaq mütləqdir.
Ki, bütün karyerasını qurtara bilsin.
Əks halda, az əməkhaqqı qarşılığında adı çempion komandada, günü isə ən yaxşı halda ortabab klublarda keçəcək.
Buna görə isə özündən başqa kimsə günahkar hesab olunmayacaq.
XANOĞLAN / SPORTİNFO.AZ

