“Azərbaycan çempionluğu uğurdur, amma bir növ çempionluq diplomun təsdiqi avrokuboklarda olur”.
Bu fikirlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.
O, Premyer Liqanın qalibi olan “Sabah”ın Çempionlar Liqasındakı perspektivini dəyərləndirib:
“Sabah”ın samballı heyəti, təxminən 30 milyon manat civarında büdcəsi və ən əsası, əla baş məşqçisi var.
“Qarabağ”la rəqabətə, Qurban Qurbanovla baş-başa gəlməyə illərboyu Azərbaycamda bir cox xarici məşqçi çalışıb.
Az-çox “Qəbələ”də Roman Qriqorçuk Qurbanovun komandasına qarşı layiqli rəqib olaraq ortaya çıxmışdı, Valdas Damrbauskas isə tam fərqli səviyyə göstərdi.
Yeni mövsümdə Qurbanov-Dambrauskas rəqabətini izləmək daha maraqlı olacaq. Amma ona qədər litvalı mütəxəssis öz “Sabah”ı ilə Avropada nəyə qadir olduqlarını göstərməlidir.
“Neftçi”nin 2021-ci ildəki çempionluğunda olduğu kimi, “Sabah” da Avropanın bütün klub tirnirlərini 45-50 gün ərzində ərzində oynayıb başa vuracaq, əli ətəyindən uzun ölkə çempionatına qayıdacaqsa, evdə xoruz, çöldə fərə çempion Azərbaycan futboluna lazım deyil”.
Masazır təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində TNS (Uels) ilə üz-üzə gələcək.
Komandalar arasında ilk görüş iyulun 7-də Masazırda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Cavab oyunu isə iyulun 14-də İngiltərənin Osvestri şəhərində yerləşən “Park Hall” stadionunda təşkil olunacaq. Matç Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Bu, “Sabah”ın tarixində Çempionlar Liqasındakı ilk oyunları olacaq.
TNS-i (Uels) mübarizədən kənarlaşdırarlarsa, ikinci mərhələdə "Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaqlar.
Bu mərhələnin ilk oyunları 21/22 iyulda, cavab matçları 28/29 iyulda düzənlənəcək.

