"Sabah" Çempionlar Liqasına ən üst səviyyədə hazırlaşır.
Əsas heyəti tamamilə qoruyan "bayquşlar" transfer bazarında da çox aktivdir.
"Lill"dən Yunis Laçabı icarəyə götürüldü.
"Kayzer Çifs"dən Eyden Makkarti, "Maritumu"dan Junior Erivaldo Almeyda, "Maribor"dan Patrik Orfe Mbina ilə uzunmüddətli müqavilələr (3 illik) imzalandı.
Hətta Makkartiyə görə milyondan çox təzminat ödənildi.
Heyətdə olanların potensialı hamımıza bəllidir.
Yeni gələnlərin isə bura qədərki karyerası gələcəyə ümid verir.
Elə ilk iki mərhələdə təmsilçimizi gözləyən rəqiblər də çətin loxma sayıla bilməz.
Uğur üçün lazım olan hər şey bir ünvana cəm edilib.
Yaxşı maliyyə, bacarıqlı mütəxəssis, səviyyəli əcnəbilər və münasib rəqiblər.
Qalır, meydana çıxıb, qələbələri sıralamaq.
Bu qədər maliyyənin qarşılığında minimum Avropa Liqasının qrup mərhələsində olmaq lazımdır.
Burada məsələ təkcə uğur qazanmaq deyil.
Uğurlu olmaq həm də UEFA-dan gələcək böyük qazancın qarantıdır.
İtirdiklərini qismən bərpa edəsən.
Şər deməsən, xeyir gəlməz.
Vay o gündən əksi baş versin.
Uğursuzluq sonun başlanğıcı ola bilər.
Qısası, "Sabah" sonunda işıq görünən, amma bir qədər riskli yola addım atıb.
XANOĞLAN / SPORTİNFO.AZ

