“Sürət, intensivlik, gərginlik, qollar – oyunun maraqlı keçməsi üçün hər şey var idi”.
“Sabah”ın müdafiəçisi Akim Zedadka Sportinfo.az-a açıqlamasında “Qarabağ”la oyunu şərh edib.
Son illərdə prinsipial rəqibə çevrilən komandaların bu dəfəki dueli də bol qollu alındı və stadiona toplaşanların könlünü oxşadı.
Azərbaycan kubokunun ilk yarımfinal qarşılaşmasında komandalar hərəyə 2 qol vurmaqla cütün taleyinin cavab matçına saxladı.
Əslən Əlcəzairdən olan fransalı cinah müdafiəçisi qeydə alınan nəticənin oyuna görə olduğunu bildirib:
“Qarabağ”a qarşı matçlarımız hər zaman gərgin və maraqlı keçir. Onlara qarşı oynamaq xoşdur.
Yəqin ki, onlar də bizimlə oyunlardan zövq alır. İlk hissədə rəqibin üstünlüyü var idi, qol imkanları oldu.
Fasilədən sonra biz daha yaxşı oynadıq, topa nəzarət etdik, əlverişli vəziyyətlər yaxaladıq. Fikrimcə, 2:2 oyuna görə oldu.
Birinci görüşdə qeydə alınan bərabərlik pis deyil. Qarşıda cavab oyunu var.
Finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik. Bilirəm, “Qarabağ” da bunun üçün çalışacaq. Güclü olan qalib gələcək”.
Komandalar arasında “Bank Respublika Arena”da keçiriləcək cavab görüşü aprelin 18-də baş tutacaq.
HƏBİB

