İlk təhlükə “Sabah”ın qapısının ağzında - Bunu da bacarsalar...

14:20 Sabah 145
İlk təhlükə “Sabah”ın qapısının ağzında - Bunu da bacarsalar...

Cari mövsümdə “Sabah” sərgilədiyi oyun, göstərdiyi məhsuldarlıq və qazandığı nəticələrlə futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirməyi bacarıb.

Kimin ağlına gələrdi ki, çempionatın başa çatmasına 8 tur qalmış “Sabah” əsas rəqibi “Qarabağ”ı 10 xal qabaqlayıb, ikinci dəfə Azərbaycan kubokunu qazanmaq şansını əldə edib “qırıl dubl”a bu qədər yaxın olacaq?

Artıq bu, xəyal yox, gerçəkdir. Bundan sonra möcüzə baş verməsə, “tələbələr” may ayında iki titula sevinəcək. Hadisələrin axarı buna doğru aparır.

Valdas Dambrauskasın çalışdırdığı kollektivi Premyer Liqada 8 oyun gözləyir.

“Araz-Naxçıvan”, “Qarabağ”, “Şamaxı” və “Turan Tovuz”la səfərdə, “Zirə”, “Karvan-Yevlax”, “Kəpəz” və “Neftçi”ylə Masazırda qarşılaşacaq komandanın bu dəfəki rəqib Naxçıvan təmsilçisidir.

Komandalar cari mövsümdə iki dəfə üz-üzə gəlib və hər iki halda “Bank Respublika Arena”da.

9-cu turun qarşılaşmasında, yəni Elmar Baxşıyevin baş məşqçiliyi dönəmində gerçəkləşən duel 2:2 hesabı ilə sonuçlanmışdısa, Andrey Demçenkonun gəlişindən sonra 19-cu tura təsadüf edən oyunda “Sabah” rəqibini meydana çıxmağa peşman etmişdi – 4:1.

“Sabah”ın Mərdəkanda büdrəyəcəyini əsaslandırmaq üçün iki fakt əsas gətirilə bilər.

Birincisi, “Araz-Naxçıvan”ın heyətində ciddi itkilərin olmaması və son iki oyunda əldə olunan qələbələrdən sonra kollektivdəki müsbət ab-hava. “Karvan-Yevlax” və “Şamaxı” ilə oyunlardakı vacib qalibiyyətlər naxçıvanlıların avrokubok şanslarını saxlamasına səbəb olub.

“Zirə”yə çatmaq və mövsümü 4-cü pillədə başa vurmaq Demçenkonun komandası üçün çox vacibdir. “Neftçi”nin nəfəsini hiss edən naxçıvanlıların “Sabah”a mümkün məğlubiyyəti yaxın həftələrdə 5-ci pillənin də əldən çıxması ilə nəticələnə bilər.

Digər məsələ “Sabah”ın kubok mübarizəsini davam etdirməsi və aprelin 3-də meydana çıxmasıdır. “Qarabağ”la görüşdə futbolçuların kifayət qədər güc itirdiyini deyə bilərik. 3 gün ərzində bərpa olunmaq və əsas rəqiblərdən birinə qarşı mübarizə aparmaq fiziki və psixoloji baxımdan asan görünə bilməz

Əvəzində, sonuncu dəfə martın 18-də rəsmi oyuna çıxan “qırmızıa-ağlar” 20 günlük pauzadan maksimum yararlanmağa çalışıb.

“Aaz-Naxçıvan”la oyun “Sabah” üçün çempionluq yolunda ilk ciddi təhlükədir. Bu səddi aşmaq mümkün olsa, “qızıl” bir xeyli yaxınlaşacaq. Əks halda mübarizə qızışacaq.

Aprelin 7-də “Liv Bona Dea Arena”da keçiriləcək matçın start fiti saat 19:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti