Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ" və "Sabah" arasındakı ilk oyunu futbol ictimaiyyəti tərəfindən maraqla gözlənilirdi.
Aprelin 3-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç çox böyük azarkeş marağına da səbəb olmuşdu.
Bunda təbii ki, "Qarabağ"ın qadın və 15 yaşadək uşaq azarkeşlərə tətbiq edilən kampnaiyası da böyük rol oynamışdı. Belə ki, Ağdam təmsilçisi bu kəsimdən olan azarkeşlər üçün stadiona girişi ödənişsiz etmişdi.
Çox gözəl təşəbbüs olsa da, sonradan bu addımda bəzi təəssüfləndirici məqamlar üzə çıxdı. Belə ki, məlum oldu ki "Qarabağ" bu addımı ancaq öz azarkeşləri üçün atıbmış.
Qonaq komandanın qadın və azyaşlı azarkeşləri üçün ödəniş tələb olunurdu. Oysa ki söhbət müəyyən kəsimə olan jestdən gedirsə "Sabah" və "Qarabağ" azarkeşi olmasının fərqi olmamalı idi.
Nəysə, sonradan məlumat yayıldı ki "Sabah" həm bu qəbildən olan, həm də digər azarkeşləri üçün biletlərin ödənişini edərək əldə edib.
Azarkeşlərlə bağlı digər təəssüf doğuran məqam da stadiona daxil olma ilə bağlı çətinliklər idi. Belə ki, azarkeşlərin xüsusilə "Sabah" tərəfdarlarının arenaya daxil olmasında müəyyən problemlər yaranıb.
Bunu azarkeşlər öz sosial şəbəkə hesablarında paylaşmışdılar. Məhz buna görə azarkeşlərin bəlkə də yarısı stadiona oyunun 20-ci dəqiqəsindən sonra daxil ola bildi.
Çempionlar Liqası kimi mötəbər turnirdə ev sahibi kimi oyun qəbul etmiş klubun çempionat matçında azarkeş məsələsində çətinlik çəkməsi gözlənilməz oldu.
Gözlənilməz olan həm də azarkeş sayı idi. Bu oyuna öncədən azı 10 min azarkeşin gələcəyi proqnozlaşdırılsa da bu rəqəmin 20 mini keçəcəyi çox az adamın ağlına gələrdi.
Görünür, bu iki komandanın sərgilədiyi gözəl futbol, nəticələr, bu komandalar arasındakı gərginlik, həmçinin oyun günü mövcud olan xoş hava azarkeş sayına da müsbət təsir göstərmişdi.
Oyuna gəldikdə isə, hər iki komanda öyrəşdiyimiz tərzdə oynadı. "Sabah" hesabı açsa da sonradan "Qarabağ" təşəbbüsü ələ aldı və hesabı bərabərləşdirdi.
Masazır təmsilçisində özbək Umarali Raxmonaliyev, Ağdam klubunda isə braziliyalı Kadi Borges fərqləndi. Fasilədən sonra isə ilk önə keçən tərəf meydan sahibləri oldu.
Bu dəfə də Kadi adını tabloya yazdırdı. İlkindən fərqli olaraq braziliyalı vingerin qolu bu dəfə baxımlı alındı.
"Sabah"ın bu qola cavabı isə yenə Umaralidən gəldi. Özbək yarımmüafiəçi "Qarabağ"ın qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirdi.
Oyunun sonlarında "Sabah"ın nisbi üstünlüyü olsa da matçın sonuna kimi hesab dəyişmədi. Qarşılaşmanın müəyyən vaxt kəsiyində bu və ya digər komandanın üstünlüyü olsa da ümumilikdə heç-heçəni ədalətli nəticə saya bilərik.
Bu komandalar arasında aprelin 22-də Masazırda keçiriləcək cavab matçının çox maraqlı və gərgin keçəcəyini indidiən proqnozlaşdırmaq olar.
Bir neçə kəlmə də oyunun baş hakimi Rauf Cabarov və ümumilikdə hakimlər korpusu barədə. Matçdan öncə hakimlərlə bağlı spekulyasiyalar mövcud olsa da, sonda bu iddiaların ciddi arqument daşımadığı bəlli oldu.
Hakimlər korpusu matçı normal idarə etdi və olmalı olduğu kimi onların meydanda olub-olmaması bəlli olmadı. Ümumiyyətlə xüsusilə "Sabah" və "Qarabağ"ın duellərində hakimlərlə bağlı ciddi olmayan müzakirələr gedir.
Bu komandalar ölkədəki digər komandaları sərgilədikləri oyuna, keyfiyyətə görə bir, bəlkə də iki baş üstələyir. Hər iki komandanın ünvanına bu cür iddialar səsləndirənlər isə ya azarkeşdir, ya da qərəzli.
"Qarabağ" və "Sabah" bu gün ölkə futbolunun göz muncuğudur. Bu komandalar sanki ölkədə futbolu yaşadırlar. Təsadüfi deyil ki elə bu komandaların ifasında keçirilən oyunlar ajiotajla müşahidə edilir.
Mövsümün sonuna kimi isə bizi daha iki belə futbol bayramı gözləyir. Bu matçlardan sonra futbol azarkeşlərinə rahatca demək olar - Futbol bayramınız mübarək!
Xəlil Sadıq

