"Səhv edən oyunçu gəncdir, təcrübəsi yoxdur. Amma yenə də məsuliyyətli davranmaq lazımdır. Xüsusilə də müdafiədə".
Bu fikirləri "Sabah"a məğlubiyyətdən sonra "Sumqayıt"ın baş məşqçisi Saşa İliçin səsləndirib.
Bənzər açıqlamaları "Qəbələ"nin baş məşqçisi Kaxaber Tsxadadzedən də çox eşitmişik.
Deyəsən, təzə tendensiya yaranıb, boşluğa düşən günahı azərbaycanlının üzərinə atır.
Yerli oyunçuların daşı nə yaman ağır imiş. Yuxusu qaçan da səbəbi onlarda görür.
Daha legioner limiti də yoxdur. Ki, yerlini oynatamağa məcbur olasınız. İndi dərdiniz nədir axı?
Klubların hamısında ən azı 12 legioner var. Gənc işə yaramır, 5 dəfə artıq maaşa gətirdiyin əcnəbini oynat.
Və ya oynatdığın 28 yaşlı Senhadjinin səhvlərinə nə ad verək?
26 yaşlı Masaki Muratanın birinci qoldakı kobud xətasına nə izah verək?
Qırmızı vərəqələri sıraya düzən Nikola Ninkoviçin dərdi nədir?
Cənab İliç, niyə onların adını çəkmirsən?
Olmaya, əcnəbilər göydən zənbillə düşüb?
Bəlkə, onlar istədiyini edə bilər, bizim xəbərimiz yoxdur?
Deyəsən, aşığın sözü qurtaranda nanay-nanay deyən kimi, serbiyalının da krediti bitib, ağzına gələni danışır.
XANOĞLAN / SPORTİNFO.AZ

