«Sabah» elə bir sürət yığıb ki…
Çox sözə gərək qalmayıb.
Azərbaycan uzun illərdir «Qarabağ»dan sonra ikinci belə bir «ful» komanda görməyib.
Mən dörd-dördlük, «ful» komanda deyirəm e, sizə!
Valdas Dambrauskas sözün bütün mənalarında möhtəşəm iş görüb qısa müddət ərzində.
«Sabah» dayanmır, dayanmaq bilmir. Əla yığılmış «maşın» düz yoldadır və hər ötən həftə bir qədər də irəli gedir. Ona 3 qol, buna 5 qol… Qarşılarına çıxanı əzirlər.
Liqanın ən az qol buraxan, ən yaxşı müdafiə olunmağı bilən komandalarından «İmişli»yə 5:0 qalib gələn «Sabah»ı bundan sonra yalnız bir qüvvə dayandıra bilər.
O da göydə Allah, yerdə «Sabah»ın özüdür.
İşdir, «Sabah» öz-özünə mane olmasa, ayağını «qaz»dan çəkməsə, «Qarabağ» çata bilməyəcək ona.
«Sabah» maraqlı və rəngli futbolu ilə göz oxşayır. Aleksey İsayevin gəlişi ilə Dambrauskasın mərkəz və hücum hissəsində manevr imkanları genişlənib.
«Qarabağ»da ilyarım «yatmış» yarımmüdafiəçi geri qayıdışı ilə köhnə-yeni komandasının ürəyinin ikinci «klapan»ını da açıb.
İsayev istər oyunu, istərsə də liderlik keyfiyyəti ilə «Sabah»ı bütünləşdirib.
Hər qoldan sonra yoldaşlarını necə təbrik etməsinə, onlarla qurduğu isti münasibətə fikir verin, mənimlə razılaşacaqsız.
KAMİL

