“Qarabağ” Premyer Liqada belə təzyiqlə sonuncu dəfə 2020/21 mövsümündə üzləşmişdi.
Samir Abasovun çalışdırdığı “Neftçi” son tura qədər “köhlən atlar”la “qızıl” mübarizəsi aparmış, şəxsi görüşdəki qələbə sayəsində çempionluğu bayram etmişdi.
İndi isə “Sabah” eyni həvəsdədir.
Çempionatın başa çatmasına 9 tur qalmış, “tələbələr”dən bir oyun az keçirən ağdamlılar lider “Sabah”dan 7 xal geridədir.
Bu gedişlə ötən mövsüm Azərbaycan kubokunu başı üzərinə qaldırmış kollektivin mayda qızıl medalların sevincini yaşayacağı inandırıcı görünür.
Baş məşqçi Valdas Dambrauskasın sevimli futbolçularından olan Umarali Raxmonaliyev Sportinfo.az-a açıqlamasında “Qarabağ”la çempionluq mübarizəsindən və şanslardan söz açıb:
“Qarabağ”ın yer aldığı liqada çempion olmaq çətindir, lakin mümkünsüz deyil.
İndiki durumda turnir cədvəlindəki mövqeyimiz yaxşıdır. Yerimizi qorumaq üçün ilk növbədə gücümüzə inanmalıyıq. İkinci məsələ arxayınlaşmamaq, hər matça sonuncu oyun gözü ilə baxıb bacardığımızın 100 faizini meydanda qoymaqdır.
Bu iki şərti yerinə yetirsək, çempion ola bilərik. Çempionluq “Sabah” üçün realdır”.
24 turdan sonra lider “Sabah”ın aktivində 59, 23 oyunda meydana çıxaraq 2-ci pillədə yer alan “Qarabağ”ın 52 xalı var.
HƏBİB

