“Bunu bacarsaq, bizi heç kim saxlaya bilməyəcək” – “Sabah”dan önəmli açıqlamalar

13 Mart 22:40 Sabah 137
“Bunu bacarsaq, bizi heç kim saxlaya bilməyəcək” – “Sabah”dan önəmli açıqlamalar

“Sabah” çempionluq yolunda inamla irəliləyir.

Azərbaycan kubokunun yarımfinalında “Qarabağ”a rəqib olan “tələbələr” Premyer Liqanın 23-cü turunda “Qəbələ”nin daşını daş üstə qoymadı – 7:1.

Sportinfo.az-a müsahibə verən özbəkistanlı yarımmüdafiəçi Umarali Raxmonaliyev bir sıra sualları cavablandırıb.

- “Sabah” tarixində ən çox qolu bu oyunda vurdu. 5 gün əvvəl 3 top buraxıb, penalti seriyasında üstələdiyiniz rəqibi top atəşinə tutmaq üçün nə etdiniz?

- “Qarabağ” və “Qəbələ” ilə görüşlərin hərəsində 3 qol vurmağımıza baxmayaraq, qələbə hesabını qoruya bilməmişdik. Rahatlıq yaranırdı, pressinq faizi azalırdı, nəticədə rəqiblər qol vururdu. Oyun intizamını qoruya bilmədiyimiz üçün arzulamadığımız vəziyyətə düşmüşdük. Hansı məqamlarda səhvlərə yol verdiyimizin fərqindəydik. Həmin iki oyun bizə dərs verdi, nəyi necə etməli olduğumuzu göstərdi. İclaslarda bu barədə çox danışıldı, çıxış yolları göstərildi və bu gün aparılan müzakirələrin nəticəsini gördük. 1-ci dəqiqədən 90-cı dəqiqəyə qədər eyni tempdə oynayanda yekunda bu cür qələbəni əldə etmək olur.

- Turnir cədvəlinə başçılıq etməyiniz sizə əlavə motivasiya verir, yoxsa əksinə, məsuliyyət hissindən doğan gərginlik yaradır?

- Bura kimi yaxşı gəlmişik. Bundan sonra hər şey öz əlimizdədir. Yəni kimdənsə asılı vəziyyətdə deyilik. Bizə problemi ancaq özümüz yarada bilərik. Son tura qədər bugünkü kimi diqqətli və əzmkar oynasaq, hər şey yaxşı olacaq. O ki qaldı sualınıza, birinci pillədə yer almağımız komandaya inam verir. Hər birimiz hansı məsuliyyətin altına girdiyimizi anlayırıq. Arada neçə xallıq fərqin olduğuna baxmadan hər görüşə 3 xal üçün çıxmalıyıq və çıxacağıq.

- Növbəti 10 oyunda hansı rəqib “Sabah”ın qarşısını kəsə bilər?

- Az öncə dediyim kimi, yalnız özümüz özümüzə problem yarada bilərik. Çempionatda “Sabah” üçün ən təhlükəli rəqib “Sabah”ın özüdür. İçimizdəki rahatlığı məğlub etməyi bacarsaq, heç kim bizi saxlaya bilməyəcək.

- Növbəti rəqibiniz “İmişli”dir. Qubadakı stadionun qazonunun keyfiyyətini nəzərə alsaq, qələbə qazanmağınız nə dərəcədə real görünür?

- Cari mövsümdə “İmişli”yə qarşı iki dəfə Qubada oynamışıq və hər ikisində qələbə qazanmışıq. Razıyam, qazonun vəziyyəti yaxşı deyil, orada məzmunlu futbol göstərmək çətindir. Lakin bu barədə düşünməyin mənası yoxdur. Qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Çünki 3 xal bizə çox vacibdir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Mart 03:30 1000 manatlıq TƏHQİR