“Sabah”ın ötən mövsüm Azərbaycan kubokunu qazanıb, Premyer Liqanı 2-ci pillədə başa vurmasında Cesse Sekidika xüsusi pay sahiblərindən idi.
Sabiq “Qalatasaray”lı meydana çıxdığı 46 matçda 13 qol vurmuş, 5 qolun ötürməsini vermişdi.
Cari mövsümün əvvəlində ciddi zədədən əziyyət çəkən nigeriyalı yarımmüdafiəçi əsas heyətdəki yerini itirdi.
Qış fasiləsindən sonra ehtiyat oyunçular skamyasında oturmaqla Velko Simiçlə Aaron Maludanın möhtəşəm performansını izləyir.
Maraqlıdır ki, Cesse bundan narahat deyil. Əksinə, komandasının qazandığı nəticələrə sevinir.
Səbəbkar az şans qazanması ilə bağlı Sportinfo.az-a bunları deyib:
“Yaydan qışa qədər zədəyə görə oynaya bilmədim. Vaxtımın böyük hissəsi müalicəyə və bərpaya getdi.
Ard-arda iki dəfə zədələnməyim müəyyən problemlər yaratdı. Təxminən 4-5 ay kənarda qaldım.
Bu müddətdə komanda uğurlu nəticələrlə yadda qaldı. Əsas heyətdə yer alan futbolçular özlərini yaxşı tərəfdən göstərdi.
Futbolda belədir, nəticələr yaxşıdırsa, heyəti dəyişmirlər. Ona görə də əsas heyətdə yer almıram.
Lakin bu, problem deyil. Əsas olan “Sabah”ın qələbələr qazanması, titullara yaxınlaşmasıdır.
Çətin günlər geridə qaldı. Mən hazıram! Baş məşqçi nə vaxt ehtiyac duyarsa, komandaya kömək edərəm”
Ötən il “Neftçi”nin yaxından maraqlandığı 29 yaşlı futbolçu cari mövsümdə bütün yarışlarda meydana çıxdığı 20 oyunda 1 qol və 1 assistlə yadda qalıb.
HƏBİB

