AFFA İntizam Komitəsinin ötən turun yekunlarına həsr olunan növbəti iclasında “Qarabağ – “Sabah” qarşılaşmasında (3:3) yaşanan məlum hadisə diqqətdən kənardan qalıb.
Ağdamlıların vurduğu üçüncü qoldan sonra “Sabah”ın məşqçisi Valerio Zuddasa rəqibin ehtiyat oyunçular skamyasına doğru etdiyi qeyri-etik jestə görə heç bir növdə cəza verilməyib.
Yəni təxminən 5 dəqiqəni əhatə edən münaqişədə günahkar müəyyən olunmayıb.
Komitənin sədri Erkin Hüseynov “teleqraf”a verdiyi açıqlamada cəzaların AFFA nümayəndəsinin protokoluna əsasən müəyyənləşdirildiyini deyərək, həmin görüşün nümayəndəsi Emin Cəfərovun qalmaqallar bağlı heç bir qeyd aparmadığını bildirib.
Deyək ki, Cəfərov epizodu diqqətdən qaçırıb, görməyib, görməzdən gəlib, görüb gizlədib, görmək istəməyib, gördüyünü yazmaq yadından çıxıb.
Bəs, ölkəyə səs salan məlum hadisəni komitə sədri, yaxud yanında əyləşənlər də görməmişdi? Yoxsa sosial şəbəkələrdə maraqla izlənilən görüntülərdən xəbərləri yox idi? Ətrafdakılar da bilmirdi? Xəbər tutandan sonra araşdırmaq da olmazdı?
Yaxın keçmişi əhatə edən iki oxşar fakt var.
1.2025-ci ilin noyabrın 9-da, 11-ci tur çərçivəsində “Azersun Arena”da keçirilmiş ”Qarabağ” – “Neftçi” qarşılaşmasından sonra qonaq komandanın sabiq çalışdırıcısı Samir Abasov hakimlər otağının qapısı qarşısından keçərkən qeyri-etik ifadə işlətmişdi.
Həmin vaxt orada biz jurnalistlərdən və mühafizəçilərdən başqa heç kim yox idi. Hər nə qədər maraqlı olsa da, oyunun AFFA nümayəndəsi İntizam Komitəsinin sədri Erkin Hüseynovun özü olmuşdu. Heç o da görməmişdi, eşitməmişdi.
Abasovun həmin əməlini “sportlife” saytından olan həmkarımız telefonunun yaddaşına köçürüb, saytın sosial şəbəkə platformasında yayımlamışdı ki, görüntülər AFFA-ya qədər gedib çıxmışdı. Nəticədə Abasov 4 oyunluq cəzaya məruz qalmış, videonu lentə alan jurnalistin çalışdığı saytla “Neftçi” klubu arasındağı reklam əməkdaşlığı dayandırılmışdı.
2. 2025-ci il dekabrın 21-də, 16-cı tur çərçivəsində Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” – “Qarabağ” qarşılaşmasının ikinci hissəsində meydan sahibi komandanın baş məşqçisi Kaxaber Tsxadadze hakimlərin ünvanına qeyri-etik ifadə işlətmişdi.
Təhqiri heç kim eşitməmişdi, eşidə də bilməzdi. Çünki oyunun AFFA nümayəndəsi Eldar Məmmədovun əyləşdiyi yerlə Kaxaber Tsxadadzenin qərarlaşdığı mövqe arasında təxminən 100 metr məsafə var idi.
Tsxadadzenin dilindən çıxanlar görüşü canlı yayımlayan “CBC Sport”un kameralarında və mikrofonlarında əks olunmuş və hər kəs məsələdən duyuq düşmüşdü. İntizam Komitəsi gürcü mütəxəssisə haqlı olaraq 4 oyun cəza vermişdi.
AFFA nümayəndəsi cəmi iki gözə sahib olduğu üçün 90 dəqiqə ərzində stadionun bütün nöqtələrində yaşananları görməməsi normaldır. Və ya görüb, görməzdən gəlməsi kimi halın baş verməsi qaçılmazdır.
Elədirsə, saytlar, sosial şəbəkələr, televiziya kameraları nə üçündür?
“Sabah”ın məşqçisinin etdiyini görməyənlər Samir Abasovla Kaxaber Tsxadadzenin cəzasını necə müəyyənləşdirmişdi?
Kiminsə kiminləsə dostluq, qohumluq, mehribanlıq, çörək kəsmək kimi əlaqələri varsa, lütfən bunu işə qatıb insanları futboldan iyrəndirməsinlər.
Kimsə həm də AFFA rəhbərliyində təmsil olunan “Sabah” rəsmilərinə yarınmaq istəyirsə, bunu futboldankənar başqa formada etsin, göz görə-görə biabırçı formada yox.
Futbolun inkişafını istəyiriksə, ilk növbədə tribunaları azarkeşlərlə doldurmalıyıq. İkili standartlar, görməzdən gəlməklər, “sən öl, mən ölüm”lər adamlarda ölkə futboluna nifrət yaradır, iyrəndirir, uzaqlaşdırır.
Xəbəriniz olsun.
HƏBİB

