“Sabah”ın rəhbəri mükafatı iki yerə bölə bilər? – Bax, bu, əsl jest olar

20:40 Sabah 139
“Sabah”ın rəhbəri mükafatı iki yerə bölə bilər? – Bax, bu, əsl jest olar

Eyni hesabla – 3:3 başa çatan “Qarabağ” – “Sabah”, ardınca da “Qəbələ” – “Sabah” qarşılaşmaları.

Futbol dərsliklərinə qızıl hərflərlə yazılmalı olan oyunlardır. Həyəcan, mübarizə, geridönüş – nə axtarsan, tapa bilərdin bu oyunlarda.

“Qarabağ”ın 0:3 hesabı ilə geridə olduğu matçda 3 qol vurub hesabı bərabərləşdirəcəyi hardasa gözlənilən idi. Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən komandanın ifasında bunu müəyyən qədər təxmin etmək olardı.

Ancaq 10 nəfərlə mübarizə aparan “Qəbələ”nin son dəqiqələrdə 2 qol vurub cütün taleyinin həllini əlavə dəqiqələrə aparması, 30 dəqiqə ərzində daha 1 qol vurub oyunu izləyənlərə penalti seriyası həyəcanı yaşatması... Bu, sözün əsl mənasında futbol möcüzəsi idi.

“Sabah”ın jurnalistlərə yaxın ərazidə yer alan rəhbər şəxləri, meydanda top dalınca qaçan futbolçuları, texniki zonada yer alan məşqçiləri, bir sözlə, hamı “Qəbələ”nin etdiklərindən şoka düşmüşdü. Nə baş verdiyini anlaya bilmirdilər. Bu dərəcədə mübarizlik gözləmirdilər.

“Tələbələr”in baş məşqçisi Valdas Dambrauskas qarşılaşmadan dərhal sonra rəqib komandanın paltardəyişmə otağının qapısını döyüb. İçəri daxil olaraq həmkarı Kaxaber Tsxadadzeni əzmkar kollektivə sahib olduğuna görə təbrik edib, futbolçulara təşəkkür borcunu çatdırıb.

Litvalı mütəxəssisə sözün hər mənasında əhsən düşür. Əsl peşəkarlıq nümunəsidir. Belə də olmalıydı.

Rəhbərlik də jest edə bilərdi, yaxud edə bilər.

Şəxsən Maqsud Adıgözəlovun yerində olsam, yarımfinala yüksəlməyə görə “Sabah”ın məşqçi və futbolçuları, texniki heyət üçün nəzərdə tutulan mükafat məbləğinin yarısını “Qəbələ”yə ayıraram.

Deyərəm, Azərbaycan futboluna maraq yaratdığınız, mərd-mərdanə mübarizə apardığınız, əsl futbolun nə olduğunu göstərdiyiniz üçün bizdən sizə göndərilən həddiyyə 120 dəqiqə ərzində alnınızdan axan hər tər damcısına görə halal-halal xoşunuz olsun.

Bu da futbolumuzda uzun illər xatırlanacaq insani jest olar.

Məndən deməkdir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti