Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində baş tutan “Qəbələ” – “Sabah” qarşılaşması dərsliklərə salınmalıdır.
Qəbələdə keçirilən matçın ilk yarısında “Sabah” vurduğu 2 qolla üstünlük qazanmışdısa, ikinci hissənin gedişində Adriel Ba Luanın qırmızı vərəqə almasından sonra qonaqların yarımfinala yüksələcəyinə şübhə yeri yox idi.
Lakin bir nəfər azlıqda oynayan bölgə təmsilçisi son dəqiqələrdə 2 qol vurub oyunu əlavə vaxta apardı.
30 dəqiqə ərzində yenə hesabda geri düşdü, lakin çiyinlərini yerə qoymaq fikrində olmadığını Nuğay Rəşidovun qolu ilə sübut etdi – 3:3.
İş penalti seriyasına qədər uzandı və burada dəqiqlik nümayiş etdirən “Sabah” yarımfinalda “Qarabağ”a rəqib oldu.
İşin maraqlı tərəfi oyun başa çatandan sonra baş verən hadisədir.
Belə ki, “tələbələr”in baş məşqçisi Valdas Dambrauskas “Qəbələ”nin paltardəyişmə otağına daxil olub.
Həmkarı Kaxaber Tsxadadzeni bağrına basaraq, ona çox yaxşı kollektivə sahib olduğunu bildirib.
Daha sonra üzünü futbolçulara tutub:
“Göstərdiyiniz əzmkarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm. Bu, əsl futbol bayramı idi. Belə davam edin”.
“Qəbələ”nin üzvləri də öz növbəsində litvalı mütəxəssisə göstərdiyi diqqətə görə təşəkkür edib.
HƏBİB / SPORTİNFO.AZ

