“Sabah”da geriləmə var? - Üzərində dayanacağımız DÖRD NÜANS

6 Mart 17:20 Sabah 252
“Sabah”da geriləmə var? - Üzərində dayanacağımız DÖRD NÜANS

Bir hadisə bir dəfə təkrarlanırsa bunu təsadüf kimi dəyərləndirmək olar.

Birdən artıq təkrar olunursa, bu artıq tendensiyadır.

“Sabah” “Qarabağ”la oyunda 3:0 hesablı üstünlüyünü əldən verəndə bir çoxu bunu ya təsadüf, ya da Ağdam təmsilçisinin hipergücü ilə əlaqələndirdi.

“Sabah”ın “Qəbələ” ilə Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunu isə hər iki ehtimalın üzərindən xətt çəkdi. Təsadüf yuxarıda qeyd etdiyim kimi bir dəfə olur.

Rəqibin gücünə gəldikdə isə “Qarabağ”la yanaşı hazırda ölkə çempionatının autsayderlərindən birinin də bu qəhrəmanlığı təkrarlaması bunun sırf rəqibin gücü ilə bağlı olması ehtimalını azaldır.

Əlbəttə, bu kambeklərdə rəqiblərin əzmkarlığının da xüsusi rolu oldu. Bunu heç kim dana bilməz. Amma bu oyunlarda hadisələrin baş rol ifaçısı məhz “Sabah” oldu.

Bəs “Sabah”ın iki oyunda ardıcıl birində 3, birində isə 2 top üstünlüyü əldən verməsinin (ikinci oyunda hətta rəqib bir nəfər azlıqda 2 topluq geriliyi aradan qaldıra bildi) kökündə hansı səbəblər yatır?

Gəlin ehtimalları bir-bir sadalayaq:

1. Komandanın yorğunluğu. Hazırda hamı “Qarabağ”ın avrokuboklarda fevral ayına kimi çəkən marafonunu əsas gətirərək bu komandada olan yorğunluğu xüsusi qabardır. Əslində, kifayət qədər düzgün arqumentdir. Amma avrokuboklarda olmasa belə “Sabah” da güc itirir axı. “Qarabağ” kimi avrokuboklarda olmasa da, Valdas Dambrauskasın yetirmələri həm ölkə kubokunda, həm də çempionatda yüksək səviyyədə çıxış edir. 3-4 topluq qələbələrə gedən yol ağır zəhmət, həm yaşıl meydanda, həm də məşqlərdə çəkilmiş ağır işin nəticəsidir. Bura fiziki yorğunluqla yanaşı, mental yorğunluğu da əlavə etmək lazımdır. Yəni bu günə kimi heç bir komandanın mövsümü eyni səviyyədə keçirdiyinin şahidi olmamışıq – istər Azərbaycanda, istərsə də Avropada. Hər top komanda zaman-zaman zəif oyunu və xal itkiləri ilə diqqət çəkir. Hətta “Qarabağ” da tək ayaqla çempion olduğu mövsümlərdə ara-sıra enişə keçmişdi. Əsas olan enişə düşməmək yox (bu qaçılmazdır), eniş zamanı belə xallarını (kubokda mərhələni) qazanmağı bacarmaqdır ki, “Sabah” da hələ ki bunu bacarır.

2. Rəqiblərin ciddi yanaşması. Turlar keçdikcə, müsbət nəticələr bir-birini əvəz etdikcə, rəqiblərin də yanaşması dəyişir. Artıq bu cür komandalara qarşı ikiqat da yox, üçqat güclə mübarizə aparırlar. Rəqib məşqçilər oyunları 1 yox, lazım gəlsə 5 saat analiz edir, o qızıl “boşluğ”u tapmağa çalışırlar. Nisbətən aşağı pillələrdə qərarlaşan komandaların futbolçuları isə gələcək çempion və ya avrokubokların iştirakçısı kimi gördükləri komandaya qarşı özlərini sübut etmək üçün mövcud potensialından artığını ortaya qoymağa çalışırlar. Hazırda rəqiblər “Sabah”da müəyyən komponentləri çözməyə nail olmuş kimi görünür. Amma bu komponentlər hücum yox, müdafiə istiqamətində nəzərə çarpır. Komanda yenə istədiyi qədər qol vurur. Əvvəlki oyunlarla müqayisədə kafi adlandırılacaq məqam müdafiədə də eyni “məhsudlarlığı” göstərməsidir. Amma insafən, çempionatda ən az qol buraxan komandalardan olan “Sabah”ı zəif müdafiəsi ilə bağlı tənqid etməyə də adamın dili gəlmir.

3. Rahatlıq. Fikrimcə, “Sabah”ın oyununda hazırda ən diqqət çəkən məqam məhz budur. Futbolçular güclərinə o qədər əmindirlər ki, tabloda 3:0, 2:0 hesabını görən kimi meydanda yox, beyinlərində qələbəni təmin edirlər. Meydanda isə tam başqa situasiya cərəyan edir. Burada ən böyük yük məhz Dambrauskasın üzərinə düşür. Futbolçularla necə davranmağı bilən mütəxəssis mətbuat konfransında ciddi bir şey olmamış kimi davransa da, onun bu hərəkəti çox güman komandanı əlavə təzyiq altına salmamaq məqsədi güdür. Arxa planda isə litvalı mütəxəssis özü də bunun səbəblərini bilir və aradan qaldırmaq üçün heç şübhəsiz əlindən gələni edəcək.

4. Rotasiyalar. Mövsüm uzun marafondur. Sən bu marafonu 11 futbolçu ilə başa vura bilməsən. Düzdü, “Sabah”ın bu baxımdan bəxti gətirib. Klub rəhbərliyi məşqçilər korpusu üçün çox yaxşı heyət qurub. “Sabah”ın təkcə start heyəti yox, ehtiyat oyunçular skamyası da göz oxşayır. Hər biri öz mövqeyinin ən sanballı futbolçularından hesab edilir. Amma dəmir qaldıqca paslandığı kimi, bacarıqlı oyunçu da ehtiyatda qaldıqca bacarıqlarını itirməsə də, müəyyən qədər yadırğaya bilir. Bu yerdə Dambrauskası qınamağa dəyməz. Baş məşqçi sırf ehtiyat oyunçuların praktikadan əziyyət çəkməməsi üçün uğur gətirən start heyəti hər oyunda müəyyən rotasiyalarla “baltalaya” bilməz. Amma rotasiyasız da keçinmək olmaz. Elə “Qəbələ” ilə son kubok oyununda nə baş verdisə Dambrauskasın əvəzetmələrindən sonra oldu. Litvalı müətəxəssis əsas heyətin bir neçə üzvünü növbəti oyunlar üçün əvəzləyən kimi meydanda həngamə qopdu. Düzdür, bu həngamə komadnanın turu əldən verməsi ilə nəticələnmədi. Amma növbəti oyunlar üçün də SOS siqnalı işə düşdü.

Hələ ki, “Sabah”ın hazırkı vəziyyətini dəyərləndirmək, komandanın son 4-5 oyunda çətin qələbələrini və ya üstünlüyünü əldən verməsini yuxarıdakı amillərdən biri və ya bir neçəsi ilə əlaqəndirmək olar. Amma maraqlı bir nüans odu.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti