Bu oyunda «Qarabağ»a qalib gələ bilsəydilər, mən «Sabah»ı vaxtından əvvəl növbəti Azərbaycan çempionu olaraq təqdim edəcəkdim.
Təcrübələri çatmadı, rahatlıq tapdılar, hesab 0:3-dən 3:3-ə döndü.
Bundan sonra nə olursa olsun, yenə də düşünürəm ki, «Sabah» qızıl medalları boynundan asmağa layiqdir.
Bəlkə də yaxın illərdə birinciliyə bu qədər yaxın olmayacaqlar, ancaq bəndəniz bu qənaətdədir ki, Valdas Dambrauskas «Sabah»ın axtardığı və həmişə arzuladığı məşqçidir.
Litvalının ölkəmizə gəlməyə razı salmaqda kim(lər)in əməyi keçibsə, halaldır onlara! Dambrauskas 1-2 ayın içində hər mənada əla komanda formalaşdırıb:
«Sabah» transferləri və oyunu ilə Premyer Liqanın simasını büsbütün dəyişib. «Qarabağ» çoxdandır ölkə çapında belə rəqib görmürdü.
Dambrauskas son 11 oyunun 10-da qalib gəlməyi bacaran «Sabah»ı ortalığa çıxarmaqla hətta Qurban Qurbanovu heyrətləndirə bilib.
«Sabah»da keyfiyyət işini görür. Aron Maludanın «Qarabağ»a vurduğu qola bizimkilər yalnız həsəd aparar - gənc fransalı vinger topa son toxunuşuyla səviyyəsini nümayiş etdirdi.
Dambrauskasın «Sabah»a gətirdiyi belə oyunçuların sayı çoxdur: burada hər kəs öz işinin nədən ibarət olduğunu bilir. Baş məşqçi hərə bir rol biçib - müdafiəçi müdafiəçi, hücumçu hücumçu kimi meydanda döyüşür.
Səliqəli oynayırlar. Güclərini düzgün bölüşdürürlər. Artıq heç nə etmirlər - onlara verilən tapşırıqlar o qədər konkret və sadədir ki… Əslində, futbolun ən çətin tərəfi onu sadə oynamaqdır.
Bu aspektdən «Sabah»a yaxınlaşsaq, Dambrauskasın yaradıcılıq bacarığı alqışlanmalıdır.
O, bu klubun azarkeşlərinin bəzən həsrətlə yad etdiyi Murad Musayevdən daha yaxşı məşqçidir. Musayev emosional və söyüşcül biridir: hisləri «Sabah»da daha uğurlu olmasını əngəllədi.
İki ilə yaxın çalışdı, həmin müddətdə dəfələrlə texniki zonadan qovuldu. Litvalı həmkarı isə hakimlərlə məşğul olmur, dilinə hakimdir, sırf öz işini görür.
Xaraktercə aqressiv deyil, ancaq oynatdığı futbol ən yeni tarixin özüdür. Çağdaş futbolun bütün elementlərini «Sabah»ın ifasında izləməkdəyik.
Üçüncü zonada «Qarabağ»a pressinq tətbiq edən, qayıdan toplara birinci çatan, iki-üç sürətli ötürməylə cərimə meydançası daxilində boş sahə tapan ikinci komanda göstərin mənə Azərbaycanda.
Göstərə bilməzsiz…
ELNUR

