"Sabah" ardıcıl 9-cü görüşdə qələbə qazandı.
Amma bu dəfə 3 xal "tələbələr"ə asan başa gəlmədi.
Azər Bağırov "Kəpəz"i liderlə qarşılaşmaya əla hazırlamışdı.
Xüsusilə orta xətdə sıxlıq yaratmaqla meydan sahiblərinin əl-qolunu bağlamağı bacarmışdı.
Valdas Dambrauskasın yetirmələri 90 dəqiqə əməlli-başlı əziyyət çəkməli oldu.
Yalnız 87-ci dəqiqədə Kahim Parrisin baxımlı qolu Masazır təmsilçisini xal itkisindən xilas etdi.
Ümumiyyətlə, "Sabah" son iki görüşdə özünə bənzəmir. "Kəpəz"lə görüşdəki mənzərə ötən tur Qəbələ səfərində də yaşanmışdı.
Qışdan sonrakı ardıcıl 3 oyundakı fantastik çıxışı indi görmürük.
Qısası, "Karvan-Yevlax", "Zirə" və "Araz-Naxçıvan"ı birnəfəsə məğlub edən "Sabah"ı iki görüşdü meydanda özünə bənzəmir.
Sanki rəqiblər Velko Simiç, Puxaç kimi oyunçuların qarşısını almağın dilini öyrənib.
Düzdü, liqa uzun marafondu. Burada enişli-yoxuşlu yolun olması normaldır.
"Sabah"dakı enişin elementlərinin nə qədər müddəti əhatə edəcəyi çox önəmlidir.
Hətta təcrübəli "Qarabağ"la çempionluq mübarizəsində həlledici olacağını demək olar.
XANOĞLAN İMANOV

