“Qarabağ”la bağlı suala sərt reaksiya verməyə haqqı varmı?

16:00 Sabah 221
“Qarabağ”la bağlı suala sərt reaksiya verməyə haqqı varmı?

Diqqət: Bu yazı yüksək empatiya hissləri ilə yazılmışdır.

Empatiya qurmaqda çətinlik çəkənlər üçün uyğun olmaya bilər.

“Ölkə yalnız “Qarabağ”dan ibarət deyil”.

Bu ifadə “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasa məxsusdur. Litvalı mütəxəssis “Araz-Naxçıvan”la oyundan sonra “Neftçi” – “Qarabağ” matçının təxirə salınması perspektivi barədə jurnalistin sualına belə cavab verdi.

İnsafən, sualda qeyri-adi nə isə yox idi. Sözügedən matçın təxirə salınması dolayısı və bəlkə də birbaşa elə “Sabah”a da təsir etmiş olacaq.

Amma məsələ nə bu, nə də Dambrauskasın “Qarabağ”la bağlı suala sərt reaksiya verməsi deyil. Məsələ bizim empatiya qabiliyyətimizdir.

Biz heç vaxt hər hansı məsələ ilə bağlı danışarkən, kimisə tənqid edərkən özümüzü həmin şəxsin yerinə qoymağa, həmin insan kimi düşünməyə cəhd etmirik.

Gəlin, özümüzü Dambrauskasın yerinə qoyaq. Yeni ölkədə çalışmağa getmisiz, orada iddialı bir klubun sükanı arxasına keçmisiz.

Komandada yaxşı işlər görürsüz, komandanız çempionatda liderlik edir, təkcə nəticə ilə yox, baxımlı oyunla da komandanız göz oxşayır.

Amma hər mətbuat konfransından sonra sizə verilən ilk sual sizin komandanızla, oyunla yox, çempionluq uğrunda əsas rəqibinizlə bağlı olur.

Bu hal bir dəfə yox, iki dəfə yox, artıq neçənci dəfə təkrarlanır. Üstəlik də təzəcə öyrənirsiz ki, əsas rəqbinizin xal itirmək ehtimalı olan oyunu təxirə salına bilər.

Böyük əksəriyyət də bunu dəstəkləyir, çünki həmin komanda ölkənin avrokuboklarda ən uğurlu komandasıdır.

Bir anlıq bu situasiyanı Dambrauskasın əvvəllər çalışdığı Bolqarıstana uyğunlaşdıraq. Təsəvvür edin, “Levski” və “Ludoqorest” çempionluq uğrunda mübarizə aparır.

Çempionatın gərgin anında “Ludoqorets”in oyunu təxirə salınır, ona görə ki bu komanda avrokuboklarda irəliləyir, daha yaxşı nəticələr qazanılır.

Bu komanda ilə bağlı “Bolqarıstanın fəxri”, “Bolqarıstan futbolunun flaqman”ı ifadələri səsləndirilir, “Levski”nin baş məşqçisinə hər oyundan sonra bu komanda ilə bağlı suallar ünvanlanır, səsi çıxan kimi də “sən Avropada nə etmisən?” atəşi ilə susdurulur.

Məntiqli gəldi? Şəxsən mənə yox. İnanmıram ki, nə Bolqarıstanda, nə də Avropanın digər ölkəsində malı mala, liqanı da liqaya qatsınlar.

Uzaq başı Avropadakı uğurlarına görə “Ludoqorets” təriflənə, “Levski” isə son illərdə əsas mərhələyə yüksələ bilməməsinə görə tənqid olunar.

O ki qaldı liqaya, burada hamı bərabər olmalıdır. ÇSKA Sofiyası da, “Arda”sı da, “Çerno More”si də.

P.S. O ayrı söhbətin mövzusudur ki, bizim Dambrauskas müəllimlə empatiya qurmalı olduğumuz kimi, o da bizimlə empatiya qurmalı, bizim avropalı olmadığımızı, oranın futbol dəyərlərindən, azarkeşlik ənənəsindən hələ çox geri olduğumuzu dərk etməlidir.

Ən azından çempionatda boş tribunalara baxaraq bunu anlamağa başlamalı, gələcəkdə oxşar qınaqlara tuş gəlməmək üçün rəqibləri ilə bağlı tərifnamə mətni hazırlayıb, palaza bürünüb, ellə sürünməlidir.

P.P.S. Son anda yadıma düşdü. Bir neçə tur öncə də Dambrauskas “Qarabağ”ı nəyi var tərifləmişdi axı...

MİRZƏ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan