Problem var - Bu dəyişiklik özünü nə vaxt doğruldacaq?

17:00 Sabah 173
Problem var - Bu dəyişiklik özünü nə vaxt doğruldacaq?

“İmişli”yə sürpriz məğlubiyyətin ardından hər kəs “Sabah”ın çempionatda “Neftçi” ilə oyununu səbirsizliklə gözləyirdi.

Bu dəfə “bayquşlar”ın önündə müdafiədə qapanıb, qol buraxmamaq barədə düşünən beton müdafiə xətti yox, qələbəyə ac, mövsümdən öncə çempionluğa əsas namizədlərdən göstərilən komanda var idi.

Üstəlik, bu komandalar arasında son illərdə oyunların xüsusi gərgin keçməsini nəzərə alsaq, bizi maraqlı oyunun gözlədiyini deyə bilərdik.

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas bu görüşdə də 5-li müdafiə xəttinə güvənmişdi. Masazır təmsilçisinin heyətində bir neçə yeni ada da rast gəlmək mümkün idi.

Litvalı məşqçi müdafiənin mərkəzində əvəzedici komandadan cəlb edilmiş braziliyalı Andre Santosa, sol cinahda komandanın yeni transferi polşalı Timoteuş Puxaça şans vermişdi.

Yarımmüdafiə xəttində isə ilk dəfə start heyətində yer alan Velko Simiçi gördük. İnsafən, yeni transferlərin heç də pis təsir bağışlamadığını deməliyik.

Sol cinahda Puxaç, yarımmüdafiənin mərkəzində isə Simiç meydanda “Sabah”ın heyətində ən çox seçilənlərdən idi. Andrey barədə isə eyni sözləri demək olmaz.

Çox sərt oynayan, tez-tez səhvlərə yol verən gənc braziliyalı meydanda komandanın ən zəiflərindən idi desək, yanılmarıq.

Yeri gəlmişkən, oyunun ən qalmaqallı epizodu da məhz Andreyin sayəsində yarandı. Emin Mahmudovun zərbəsindən sonra top yerdə qalan Andreyin dayaq kimi istifadə etdiyi sol qoluna dəyir.

Baş hakim İnqilab Məmmədov düşünmədən “ağ nöqtə”ni göstərsə də, VAR-ın müdaxiləsindən sonra epizodun təkrarına baxdı və qərarı ləğv etdi ki, bu da oyundan sonra ev sahibi komandanın etirazlarına səbəb oldu.

Epizodun təkrarına baxdıqda topun doğrudan Andreyin qoluna dəydiyi, lakin bu qolun futbolçunun dayaq kimi istifadə etdiyi aşkar görünür.

Bu cür vəziyyətlərdə isə dünya futbolunda artıq çoxdandır penalti verilmir.

Çox güman, oyunun baş hakimi İnqilab Məmmədov da bu qaydanı nəzərə alaraq, daha öncə tələsik verdiyi penalti qərarını ləğv etdi. Qərar ləğv edilən zaman bir neçə amil nəzərə alınmış ola bilər:

- Məsafə çox qısa idi.

- Top futbolçunun məhz elə əvvəldən dayaq kimi istifadə etdiyi qola dəyir.

- Futbolçu top gələn zaman qolunu tərpətmir, onu topa doğru uzatmır.

Andreydən söz düşmüşkən, Dambrauskas çox güman onun meydanda qalmasının komandaya xeyirdən çox ziyan verə biləcəyini düşündüyündən, elə fasilədəcə braziliyalını Rəhman Daşdəmirovla əvəzlədi.

Daşdəmirovun meydana çıxması ilə “Sabah”ın arxa xəttindəki təlaş aradan qalxdı, komanda müdafiədə daha etibarlı görünməyə başladı.

“Sabah” irəli xətdə bir neçə epizod əldə etsə də, bunu dəyərləndirə bilmədi və tablodakı 0-lar final fitində də dəyişmədi.

Bu oyunda “Neftçi”nin müəyyən üstünlüyü olsa da, nəticə olaraq heç-heçəni ədalətsiz nəticə hesab edə bilmərik.

“Sabah” yayda avrokuboklarda (xüsusilə “Çelye” və “Petrokub”la oyunlarda) çox yaxşı təsir bağışlasa da, çempionatda hələ ki həmin komandanı görə bilmirik. B

əlkə də bu, Dambrauskasın “Sabah”ın ənənəvi 4-2-3-1 taktiki sxemindən 5-3-2 sisteminə keçməsi ilə bağlıdır. Meydanda sərgilənən oyun (elə nəticə də) “Sabah”ın bu sistemə hələ tam uyğunlaşmadığını göstərir.

Dambrauskas yaxşı nəticələr üçün ya əlindəki heyəti bu sistemə tez bir müddətdə uyğunlaşdırmalı, ya da əvvəlki sistemə geri dönməlidir.

Qarşıda “Sabah”ı çox ciddi sınaq gözləyir. Növbəti turda “bayquşlar” praqmatik futbolun mütəxəssislərindən hesab edilən Kurban Berdiyevin “Turan Tovuz”u ilə qarşılaşacaq.

Bu oyunda Dambrdauskasın son oyunlarda istifadə etdiyi sistemdə qalacağı, yoxsa fərqli sistemdən istifadə edəcəyi maraq doğurur.

Xəlil Sadıq

Digər Xəbərlər
Xəbər Lenti