“Sabah”ın məğlubiyyətinin arxasında gizlənən - Ciddi siqnal, yoxsa ənənəvi tendensiya?

18:00 Sabah 249
“Sabah”ın məğlubiyyətinin arxasında gizlənən - Ciddi siqnal, yoxsa ənənəvi tendensiya?

Dünən Azərbaycan çempionatında növbəti sensasiya qeydə alındı.

“Sabah” doğma meydanda Premyer Liqanın debütantı “İmişli”yə 0:1 hesabıyla uduzdu.

Əslində, “Sabah”ın əvvəlki mövsümlərdə də qapanan, sıx müdafiə olunan komandalarla oyunlarda çətinlik çəkdiyinin dəfələrlə şahidi olmuşduq.

Lakin ötən turda “Şamaxı” ilə səfər oyununda qazanılan 2:1 hesablı qələbə Masazır təmsilçisinin yeni baş məşqçisi Valdas Dambruaskasın bu “lənət”in öhdəsindən gəldiyi təəssüratı yaratmışdı.

“İmişli” oyunu sübut etdi ki, “Sabah”ın bu istiqamətdə çatışmazlığı hələ də davam edir.

Mövsümün sonunda “Qarabağ”, “Neftçi”, “Zirə” kimi iddialı klublarla oyunlarda qazanılan xallarla yanaşı, autsayderlərlə matçlarda qazanılan qələbələr də yekun nəticənin formalaşmasında böyük rol oynayacaq.

Dünənki oyunu isə Dambrauskasdan çox oyunçuların passivinə yazmaq lazımdır. “Sabah” kimi komanda baş məşqçisiz çıxsa belə, oyunçular özləri bu matçdan 3 xalı aparmalıydı.

Bunun üçün meydanda xarakter göstərmək, bütün potensialından artığını da ortaya qoymalısan. “Sabah”ın oyunçularının ifasında isə bunu görmədik. İndi onlar itirilmiş bu xalları daha güclü rəqiblərlə matçlarda bərpa etməlidirlər.

“Sabah”ın “İmişli” məğlubiyyəti gözlənilməz idi, amma bundan da qəribə olan oyundan sonra nəticəyə yanaşmada göründü.

Sosial şəbəkələrdə aparılan müzakirələrdə klublar arasında olan büdcə fərqi xüsusi qabardılırdı. Amma futbola az-çox bələd olan hər kəsə bəllidir ki, büdcə fərqi tək-tək oyunlarda yox, mövsümün ümumi nəticəsi üçün əsas olmalıdır.

Məsələn, ötən mövsümdə “Şamaxı” və “Kəpəz” kimi aşağı büdcəli, lakin mübariz oyun sərgiləyən komandalar “Sabah”ı büdrətməyi bacardılar.

Amma yekunda “Sabah” kuboku qazanaraq avrokublara yollandı, adıçəkilən komandaların əzmkarlığı yalnız onların çempionatda yerlərini qorumasına kömək oldu.

Eyni halla Avropa futbolunda da tez-tez rastlaşırıq. Məsələn, dünən “Udineze” səfərdə “İnter”i, “Brayton” isə evdə “Mançester Siti”ni məğlub etdi.

Amma inanmıram ki, İtaliyada və ya İspaniyada kimsə bu komandalar arasında olan büdcə fərqini qabardıb, bir tərəfi qəhrəman, digər tərəfi isə uğursuz kimi təqdim etsin.

Çünki, futbol savadı olan hər kəsə bəllidir ki, futbolda yekun nəticəni müəyyənləşdirən ayrı-ayrı oyunlardakı nəticələr yox, mövsümün ümumi dəyərləndirməsidir.

Çox güman mövsümün sonunda nə “İnter” “Udineze”dən, nə də “Siti” “Brayton”dan aşağı pillədə yer almayacaq. Bax, heyətin dəyəri, büdcə, işə yanaşma bu cür anlarda həlledici rol oynayır.

P.S “Sabah”ın “İmişli” məğlubiyyətini bu klubun əvvəlki mövsümlərdə də şahidi olduğumuz ənənəvi tendensiya kimi dəyərləndirmək olar.

Son 3 mövsümdür “Sabah” bu tendensiyaya rəğmən, mövsümün sonunda hədəflərinə çatıb. Bu dəfə necə olacaq, onu da zaman göstərəcək.

Xəlil Sadıq

Digər Xəbərlər
Xəbər Lenti