
“Sabah”a “Qarabağ” de, “Neftçi” de, “Zirə” de, amma “Şamaxı” demə, Şamaxı səfəri demə.
Bölgə təmsilçisi “tələbələr” üçün kabusa çevrilib.
Neçə-neçə baş məşqçi deyişib, lıakin elə biri olmayıb ki, “Şamaxı”yla duellərdə xal itirməsin.
Hələ Murad Musayev Masazır komandasını çalışdırdığı dönəmdə evdə xal itirib, səfərdə məğlub olmağın acısını yaşamışdı – 1:1, 1:2.
Ondan sonra Krunoslav Renduliç Ayxan Abbasovun “Şamaxı”sı ilə bacarmamışdı – 2:2.
Ötən mövsüm “Sabah” Şamaxıya iki dəfə səfər edib uduzanda, hər iki halda baş məşqçi Vasili Berezutski idi – 1:3, 0:1.
İndi “Sabah”ı başqa bir mütəxəssis – Valdas Dambrauskas çalışdırır. Litvalı məşqçi üçün Şamaxı səfəri ilk olacaq. Bu, həm də Ayxan Abbasovla Dambrauskasın birinci dueli kimi yadda qalacaq.
“Neftçi”ylə ilk turdakı oyun şamaxılıların yay fasiləsini boşa vermədiyini göstərdi. “Sabah” da avrokubok görüşlərində mübarizə aparmaqla oyun təcrübəsini bir xeyli yaxşılaşdırdı.
Azarkeş, süni örtük, dağ havası – hamısı “Şamaxı”nın xeyrinə işləyəcək. “Sabah”? Bu komanda yalnız təcrübə hesabına istəyinə çata bilər.
Avqustun 24-də Şamaxı şəhər stadionunda baş tutacaq görüşün start fiti saat 17:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ