Bitməyən büdcə mifləri – “Sabah”ın “Levski” məğlubiyyətinin əsl səbəbi nə idi?

14:40 Sabah 292
Bitməyən büdcə mifləri – “Sabah”ın “Levski” məğlubiyyətinin əsl səbəbi nə idi?

“Sabah” üçün cari avrokubok mövsümü başa çatdı.

Səfərdə adlı-sanlı rəqibi “Levski” ilə bərabər səviyyədə mübarizə aparan, yalnız oyuna əlavə edilmiş vaxtın sonuncu – 8-ci dəqiqəsinin son saniyələrində buraxdığı qolla uduzan “Sabah” cavab oyunu üçün ümid vermişdi.

Oyuna təşkilati işlər yüksək səviyyədə keçirdi. Klub tərəfindən hər gün açıqlanan məlumatlarda da bilet satışının sürətlə getdiyi, oyunda “Bank Respublika Arena”da anşlaq olacağı hiss olunurdu.

Elə də oldu. Oyun günü 8700 tamaşaçı tutumana malik Masazır stadionunda 6600-dən çox azarkeş yığılmışdı. Dəstək də pis deyildi.

Hər halda rəqibin təxminən 150-200 nəfərlik azarkeş dəstəsinin səsi heç də gur eşidilmirdi. Yaxşı nəticə, gözəl futbol üçün hər şey var idi... Lakin bu dəfə də alınmadı.

“Sabah” əvvəlki iki mövsümdə olduğu kimi bu mövsümdə də Konfrans Liqasının pley-offunun qapısından, bir addımlığından qayıtdı.

Yuxarıda vurğuladığım kimi rəqib yetərincə adlı-sanlı idi. Klub son illərdə əvvəlki zəzəmətindən çox geri qalsa da, rəhbərlik bunun qarşısını almaq üçün son aylarda qollarını çırmayıb.

Məhz bunun da nəticəsidir ki, “Levski” cari mövsümə möhtəşəm start verib. Təsəvvür edin, komanda Bolqarıstan çempionatında keçirdiyi 4 oyunun hamısını qələbə ilə başa vurub.

Avrokuboklarda isə keçirdiyi 6 oyunda (“Sabah”la oyunlar da daxil olmaqla) cəmi 2 qol buraxıb. Üstəlik bu oyunlardan ikisi əlavə vaxta gedib, yəni bu statistikaya daha 60 dəqiqə əlavə etməliyik.

Cari avrokubokların əsas vaxtında isə ümumiyyətlə qol buraxmayıblar. Bunlar rəqibin gücünü şişirtmə məqsədli ifadələr yox, adi statiskadır.

Lakin “Levski”ni keçmək olardımı? Əlbəttə, olardı. “Levski”nin möhkəm müdafiəsi kimi “Sabah”ın da keyfiyyətli oyunçulardan ibarət yaxşı hücum xətti var axı.

Sadəcə, bu hücum xəttindən daha səmərəli istifadə etmək lazım idi. İlk oyunda 5-li müdafiəni (insafən, heç də pis alınmamışdı) başa düşmək olardı.

Əsas olan ordan sərfəli nəticə ilə qayıtmaq üçün buna getmək olardı. Məğlubiyyətsiz qayıtmaq mümkün olmasa da, 0:1 hesabı da heç nəyin həll edilmədiyini göstəririrdi. Cavab oyununda isə...

Hamı “Sabah”dan tam hücum futbolu gözləyirdi. “Sabah”ın baş məqşçisi isə yenə səfər oyunundakı ehtiyatlı modelə üstünlük verdi.

Bəlkə “Levski” ilk hissədə qol vurmasaydı, bəlkə də fasilədən sonra “Sabah” əldə etdiyi fürsətlərdən birini dəyərləndirsəydi, bəlkə də “Sabah” ilk dəqiqələrdən ehtiyatlı oyun yerinə açıq oyuna üstünlük versəydi, bəlkə də yay fasiləsində yaxşı “10 nömrə” transfer edilsəydi...

Bəlkələr çoxdur, amma bu bəlkələr hazırda heç nəyi dəyişmir. Fakt odur ki, “Sabah” bu dueldən məğlub ayrılan tərəf oldu.

Yuxarıda sadaladığım səbəblər sosial şəbəkələrdə də çox müzakirə olunur, istər media, istərsə də azarkeşlər komandanın seçdiyi taktika, sərgilədiyi oyunu hər cür formada müzakirə edir, “günahkar” axatrışına çıxırlar – bu normal haldır.

Normal olmayan, daha doğrusu məntiqli olmayan başqa bir müzakirə də var – klubun büdcəsi. Bəziləri klubun 30 milyonluq büdcə ilə (əslində isə rəsmi rəqəmlərə görə klubun bir illik büdcəsi 26 milyon manat, xərcləri isə 22 milyon manatdır) “Levski”ni keçə bilməməsinə görə klubu tənqid atəşinə tuturlar.

İşin məntiqsiz tərəfi odur ki, bunu iddia edənlər ya qarşı tərəfin büdcəsindən xəbərsizdirlər, ya da bilərəkdən xəbərsiz kimi davranırlar.

Kiçik bir araşdırmadan sonra mənə məlum oldu ki, “Levski”nin bir illik büdcəsi “Sabah”ın illik xərcindən təxminən 2 dəfə çox – 40 milyon bolqar levidir (məlumat üçün lev ilə manatın məzənnəsinin təxminən eyni olduğunu vurğulayaq), yəni elə 40 milyon manat.

İndi burda iki məsələ ortaya çıxır:

1. Büdcə əsas deyil, əsas olan ağıllı idarəçilik və büdcənin düzgün istifadəsidir. Yəni aşağı büdcə ilə də daha yüksək büdcəli klubu keçmək olar.

Onda büdcəni xüsusi qabartmağa nə ehtiyac var?

2. Klubun büdcəsi nə qədər çoxdursa, Avropada irəliləmək, daha aşağı büdcəli rəqibləri keçmək şansı daha çox olur və ya belə deyək, keçməyə borcludur.

Onda “Sabah”ı “Levski”yə uduzduğuna görə niyə qınayırsız? Eyni məntiqlə “Levski” “Sabah”ı keçməyə borclu olduğu kimi, “Sabah” da özündən iki dəfə yüksək büdcəli kluba uduzduğuna görə qınaq obyekti olmamalıdır.

Yəni uzun sözün qısası, “Sabah”ın “Levski” məğlubiyyəti bir neçə aspektdən müzakirə edilə bilər. Amma bu müzakirənin daha qərəzsiz və ədalətli olması üçün real faktlara söykənməli, daxili hisslərlə yox, məntiqlə aparılmalıdır.

Tənqid inkişaf üçündür, təhrif olunmuş faktlarla olan tənqid isə inkişafa yox, xaosa və daha yanlış qərarlara aparar.

Xəlil Sadıq

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...
14 Avqust 16:20 "Sabah" - 6000 SATILIB