0:1 avrokuboklar üçün heç nədir - “Sabah” Sofiyada necə təsir bağışladı?

9 Avqust 14:40 Sabah 313
0:1 avrokuboklar üçün heç nədir - “Sabah” Sofiyada necə təsir bağışladı?

“Sabah”ın “Levski” ilə rəqib olduğu müəyyənləşəndə, əksəriyyət bu komandanın tarixi keçmişini ön plana çəkərək, güc bir tərəfə qalsın, məhz bu baxımdan Masazır təmsilçisi üçün çətin olacağını qeyd etmişdi.

“Levski” möhkəm komandadır.

Bu öz yerində, amma klubun böyük tarixi meydana çıxan komandanı hansı formada olmasından asılı olmayaraq, meydanda əlindən gələni etməyə, rəqib baş məşqçi Xulio Velaskesin təbirincə desək, hətta meydanın otunu dişi ilə didməyə məcbur edir.

Cümə axşamı meydanda məhz bu cer “Levski” gördük.

Dolu tribunlar, istənilən rəqibi vahiməyə salacaq uğultu altında Sofiya təmsilçisi meydanda əlindən gələni və gəlməyəni ortaya qoydu. İnsafən, “Sabah” meydanda rəqibi qarşısında heç də ayaqları əsən “ov” təəssüratı yaratmırdı.

Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas bu dəfə dəyişiklik edərək, meydana 4 yox, 5-li müdafiə ilə çıxmışdı.

Cinahlardan sürətli və texnikalı Akim Zedadka və Boyan Letiç hücumlar zamanı vinger, müdafiə zamanı isə öz amplualarında çıxış etməli idilər.

Valdasın bu seçimi çox güman hücum zamanı irəli xətdə çoxalmaq, müdafiə zamanı isə arxa xəttə “divar” çəkməyə hesablanmışdı.

Düzü, Dambrauskasın bu gedişi özünü doğrultdu desək, yanılmarıq. Meydanda üstünlün ev sahiblərinin xeyrinə görünsə də, “Sabah”ın hücumları daha kəsərli görünürdü.

Hətta ikinci hissədə yaradılan qol vəziyyətlərinə diqqət yetirsək, “Levski”nin heç bir hücumunun Coy-Lens Mikelsin təkbətəki qədər təhlükəli olmadığını görərik.

Əvvəlki oyunlarda “Çelye” və “Petrokub” komandalarının müdafiə xəttinə qənim kəsilən Mikels isə bu dəfə vərdiş olmadığımız tərzdə rəhmli oldu.

Hamı oyunun cüt sıfırlı bərabərliklə başa çataraq, cavab oyununda hər şeyin sıfırdan başlayacağını gözlədiyi anda “Levski”nin sonradan meydana çıxmış 21 yaşlı hücumçusu Borislav Rupanov matçın 90+8-ci (!) yəni qarşılaşmanın əsas vaxtında əlavə edilmiş sonuncu dəqiqədə, sonuncu saniyədə topa başla dəqiq zərbə endirərək, tablodakı sıfırlardan birini dəyişdi.

Gənc hücumçu bu vacib qolla komandasını Bakıya bir qol və bir addım öndə yola saldı.

0:1 avrokuboklar üçün heç nədir. İki oyundan ibarət olan bu cür qarşılaşmalarda bir neçə saniyənin içində bu üstünlük əriyib yoxa çıxa bilər.

Lakin bir qədər standart səslənsə də, “Sabah”ı cavab oyununda çox çətin sınaq gözləyir.

OSMAN

Digər Xəbərlər
Xəbər Lenti
9 Avqust 18:10 Çək və bizə göndər!
9 Avqust 04:50 Kapitanla bağlı QƏRAR