
"Levski" "Sabah"la oyunun favoriti hesab edilmir".
Sportinfo.az xəbər verir ki, bunu "Levski"nin baş məşqçisi Xulio Velaskes "Sabah"a qalib gəldikləri Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis qələbəyə görə sevincli olduqlarını bildirib:
"Xoş sözlərə görə təşəkkür edirəm. Bu gün oyunçularımdan çox məmnunam və onlarla fəxr edirəm.
Futbolçularımızın əla iş gördüklərini deyə bilərəm. İlk dəqiqədən sona qədər bizi dəstəkləyən azarkeşlərə öz təşəkkürümü çatdırmaq istərdim. "Levski"nin baş məşqçisi olmaqdan qürur duyuram".
O, cütün favoriti sayılmadıqlarını söyləyib:
"Yaxşı nəticə qazanmaq üçün yaxşı formada olmalısan və gözəl oyun nümayiş etdirməlisən. Futbolçularım təvazökar davranmalıdırlar.
Çünki Azərbaycanda çətin qarşılaşma bizi gözləyir. Əgər özümüzü cütün favoriti hesab etsək, nəticə bizim üçün yaxşı olmaya bilər".
"Levski" - "Sabah" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında cavab matçı avqustun 14-də keçiriləcək.