
"Levski”nin (Bolqarıstan) icraçı direktoru Daniel Borimirov “Sabah”a qarşı Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirəcəkləri oyun ərəfəsində açıqlama verib.
Sportinfo.az bu barədə Bolqarıstan mətbuatına istinadən xəbər verir.
O, jurnalistlərə açıqlamasında Avroliqada “Braqa” ilə matçdan sonra komandada yorğunluq olduğunu söyləyib. D.Borimirov bildirib:
“Futbolçularda emosional yorğunluq olub-olmadığını deyə bilmərəm, amma fiziki yorğunluğun toplandığı aydındır. Qarşıdakı 1-2 gün ərzində özümüzə gəlməli, nəfəs dərməli və çempionat oyununa köklənməliyik.
Bazar günü qələbə qazanmaq vacibdir (ölkə çempionatında “Slavia” ilə oyun nəzərdə tutulur - red.). Çünki azarkeşlər bizi dəstəkləməyə gələcəklər.
Bu müsbət enerjini Avropadakı növbəti oyuna daşımalıyıq”.
Klub rəhbəri “Sabah” barədə də fikirlərini deyib və onun barəsində hörmətlə danışıb: “Sabah” yetərincə ciddi rəqibdir və onu zəif hesab etsək, problemlə üzləşə bilərik”.
“Levski” ilə “Sabah” arasında ilk oyun avqustun 7-də Sofiyada, cavab matçı avqustun 14-ü Bakıda keçiriləcək.