
"Sabah" "Petrokub" üzərində darmadağınla (4:1) qalib gələrək Konfrans Liqasında növbəti mərhələyə yüksəldi.
Cavab görüşü "tələblər" üçün sınaq matçı kimi keçdi.
Sanki matç Moldovda qaldığı yerdən Bakıda davam etdi.
Qonaqların qolkiperi Kişinyovda buraxdığı hər iki qolda da ciddi səhvə yol vermişdi.
Görünür, arxada qalan bir həftə onun psixoloji durumunun düzəlməsinə yetməmişdi.
Evdə önə çıxdığı üçün qapısında qollar görmüşdüsə, bu dəfə irəli çıxmağa tərəddüd etdiyi üçün Con Ley Mikelsin vurduğu topu tordan çıxarmalı oldu.
Almaniyalı startı belə götürdü. Davamında edəcəklərə isə kiper düzgün oynasa da mane olacaq gücdə deyildi.
Öncə hettrik etdi, ardınca Pavol Şafrankonun fərqlənməsinə şərait yaratdı.
İlk hissədə məsələ bitincə, fasilədən sonra oyun formal xarakter daşıdı.
Moldovanlar ilk matçda müəyyən dirəniş göstərmişdisə, bu dəfə asan təslim oldu.
Növbəti rəqib Portuqaliya təmsilçisi "Braqa"nın çətinliklə mübarizədən kənarlaşdırıdığı "Levski" olacaq.
Bu nəticə özü də göstərir ki, Bolqarıstan klubu ilə iki görüş ciddi sınaq olacaq.
XANOĞLAN İMANOV