
Valdas Dambrauskasın «Sabah»a gəlişindən 1 ay keçib.
Çox şey dəyişibmi, dəyişməyib.
Əməlli dəyişim üçün 1 ay azdır. Daha 10-15 gün keçməlidir ki, komanda yeni baş məşqçinin olsun.
Hələlik isə bu komanda bir qədər Vasili Berezutskini xatırladır.
Litvalı yeni çalışdırıcı hələlik, sadəcə, müəyyən toxunuşlar edə bilib. Zamanla fəlsəfəsini futbolçuların qanına yeridəcək.
Bu gün o, «prob» edir, «sistem»i isə az sonra vuracaq.
Açıq hiss olunur ki, «Sabah»da bütün futbolçular bu yenilənməyə həvəslidir və razıdır. Dambrauskas fərqli yanaşma tərzi ilə Berezutskidən «yadigar» qalan bir şeyləri onların başından çıxarmağa başlayıb.
Bu dəyişikliyə ən ac biri kimi Coy-Lens Mikels görünür. Almaniyalı hücumçu lap Murad Musayevin dönəmindəki kimi qol-qanad açıb.
«Çelye» ilə səfər matçında üç qol vuran Mikels dünən Masazırda da «Patrokub»a «divan» tutdu, het-trik etdi.
Sanki Berezutski Mikelsi akvariuma salmışdı, Dambrauskas isə onu açıq dənizə buraxıb. Meydanda quş kimi uçur indi.
Sərbəstdir, topla və topsuz hərəkət traektoriyası genişlənib. Gərək taran tipli ön xətt oyunçularına xətt çəkməyəsən, sərhəd içinə almayasan, onu çərçivələməyəsən.
Dambrauskas bu imkanı Mikelsə yaradıb, səmərəsini də alır.
O, bu imkanı Sol Solvetə də yaradıb. Allah saxlamış də əlinə düşən fürsətdən «maksimum yararlanır».
Fransalı müdafiəçi «Çelye» ilə oyunlarda yol verdiyi səhvlərlə «Sabah»ın Avropa Liqasında mərhələ adlamasına mane oldu. Bəs eləmədi bu, «Petrokub»la qarşılaşmada avtoqola da imza atdı.
Solun uzun ayaqları var, hücum və ya əks-hücum anında bir addım atmaqla irəli çıxa, önündə boş zona yarada bilir.
Lakin bir müdafiəçi kimi yarımştat oynayır - arxaya atılan toplarda ləng qalır, gec çevrilir, düzgün mövqe seçmir.
Təəccüb içində donursan, bilmirsən oyundan qabaqkı gecə yatmayıb, yoxsa yuxu dərmanı içərək meydana çıxıb.
ELXAN