
“Sabah” əsl xarakter nümayiş etdirdi".
Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC- a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev “Sabah”ın Sloveniyanın “Selye” klubuna iki oyunun nəticəsinə əsasən 6:5 hesabı ilə məğlub olaraq Avropa Liqasında mübarizəni dayandırması barədə danışarkən deyib.
O bildirib ki, komandanın avrokuboklardakı təcrübəsinin az olması gedişata təsir edib:
“Sabah” hər iki oyunda yaxşı mübarizə apardı. Təəssüflər olsun ki, əlavə vaxtda vurulan 1 qol hər şeyi həll etdi.
Təmsilçimiz avokuboklarda keçirdiyi bütün oyunlarda layiqli çıxış edir. Sadəcə, beynəlxalq arenada kifayət qədər təcrübənin olmaması müəyyən problemlər yaradır”.
55 yaşlı mütəxəssis Bakı təmsilçisinin müdafiəsində boşluqların olduğunu söyləyib:
“Hücum hər iki görüşdə öz işini yaxşı gördü. Təəssüf ki, bu fikri müdafiəyə aid etmək olmaz
. İki oyunda 6 qol buraxmaq müdafiədə ciddi boşluqların olmasını göstərir”.
E.Abdullayev “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Moldova təmsilçisi "Petrokub" barədə də danışıb:
“Onlar haqqında məlumatım yoxdur. Lakin “Sabah” bu raundu keçməlidir. İndidən gələcək mərhələlər barədə danışmaq tezdir”.
"Sabah" Moldova klubu ilə ilk oyununu səfərdə keçirəcək. Konfrans Liqasının II təsnifat mərhələsinin matçları iyulun 24-ü və 31-də baş tutacaq.