İlkin Fikrətoğlu - Azərbaycana yeni gələn baş məşqçi harada və necə səhv etdi?

17 İyul 17:40 Sabah 294
İlkin Fikrətoğlu - Azərbaycana yeni gələn baş məşqçi harada və necə səhv etdi?

Avrokuboklarda yeni mövsümə “xoş gördük” dedik.

Hərçənd heç də xoş gəlmədi avrokubok mövsümü.

Avroliqadakı yeganə təmsilçimiz “Sabah” ilk görüşdə “Selye”yə Masazırda uduzdu. Sloveniya kubunun “asan yem” olmadığını hələ püşkdən sonra demişdik.

Son mövsümdə Slıoveniya liqasında bütün rəqiblərindən çox qol vuran “Selye” bu keyfiyyətini bizim “Sabah”la oyunda da göstərərək, 3 dəfə qapımıza yol tapdı.

Komandanın son mövsümdə Konfrans Liqasında 1/4 finaladək irəliləməsi də “Selye”nin imicinə müəyyən sambal gətirir. Amma Masazırda meydana çıxan “Selye” martda “Fiorentina”ya qarşı 1/4 final oynayan “Selye”dən çox fərqli idi.

Həmin oyundakı heyətdən yalnız 5 futbolçu “Sabah”a qarşı forma geyindi. Qarşılaşma da göstərdi ki, “Selye” keçilməz rəqib deyil.

Sadəcə, gözlənildiyi kimi, “Sabah” hələ mövsümə tam hazır deyil. Yeni baş məşqçi Valdas Dambrauskas komandaya cəmi 3 həftədir qoşulub.

Bu müddətdə Avstriyada toplanış keçən komandada isə taktiki, fizki planda problemlər hələ ki, qalmaqdadır.

Komandanın müdafiəsində problemlər əvvəlki baş məşqçilər - Krunoslav Renduliçin də dövründə var idi, Vasili Berezutskinin də. Statistika da bunu deyir.

“Sabah” martdan bu yana - Avstriyadakı son 2 yoxlama görüşü də nəzərə alınmaqla, “Selye” ilə qarşılaşma da daxil olmaqla, oynadığı son 17 matçdan 16-da qapısından qol buraxıb.

Slovenlərlə oyunda da gördük ki, müdafiənin mərkəzi bərbaddır. Yeni transfer – Stiv Solvet müdafiədən çox, hücumlarda effektli idi, əlcəzairli Akim Zedadka da ilk oyunda xüsusi nəyləsə diqqət çəkmədi.

Onların nəyə qadir olduğunu qarşıdakı aylarda görəcəyik. İqor Noqeyrodan Allah bizi saxladı.

Az qala avtoqol edəcəkdi. Yaxşı ki, top qapı tirinə tuş gəldi.

Rəqib isə müdafiəmizdəki səhvlərdəm maksimum istifadə edib, 3 qol vurdu.

Əslində, matçın ədalətli nəticəsi heç-heçə olmalı idi. Əgər “Sabah” bütün oyunu eyni səviyyədə keçirsəydi, qalibiyyət komandamızın haqqı idi.

Təəssüf ki, son yarım saatda “Sabah” sanki meydanda yox idi. Oyunçular yorğun və ağır görünürdü.

Buna rəğmən, son dəqiqələrdə yeni transfer Zinəddin Xaled matçın qəhrəmanı olmaq şansını qaçırdı.

Əfsanəvi Zidanın şərəfinə valideylərinin Zinəddin adı verdiyi Əlcəzair əsilli fransızı qaçırdığı bu epizoda görə bəlkə də bəzi azarkeşlərdən “heyf bu addan!” tənəsini də eşitdi.

Qapıçı Stas Pokatilov da inamlı oynamadı.

Litvalı Dambarauskas “Sabah”dakı ilk rıəsmi oyununda uduzdu. Fikrimcə, heyətlə bağlı seçimlərdə onun səhvləri oldu.

Coy-Lens Mikels oyunda ən passivlərdən olduğu halda, 85 dəqiqə meydanda qaldı. Kahim Parris və Cesse Sekidikadan daha tez, bəlkə də elə start heyətində istifadə etmək lazım idi.

Anatoli Nuriyev fasilədə əvəzlənməliydi. Pavol Safrankoya isə afərin! Slovakiyalı hücumçu keyfiyyətini ortaya qoydu.

Azarkeşlərə də təşəkkür! Stadionu tam doldurmuşdular. Təəssüf, nəticə onlar üçün də, komanda üçün də üzücü oldu.

Yeni mövsümdə avrokuboklara məğlubiyyətlə başladıq. Amma hələ ümdi var. “Sabah”ın “Makkabi Hayfa” ilə ötənilki səfər qarşılaşmasını yada salın.

Dambrauskas heyəti daha yaxşı öyrənib, oyunçulardan daha düzgün istifadə etsə, futbolçular isə meydanda 60-70 dəqiqə yox. 90 dəqiqəlik mübarizəyə hazır olsa, növbəti mərhələyə vəsiqə “Sabah”ın ola bilər.

Əks halda, Konfrans Liqasında Malta və ya Moldova klubu bizi gözləyəcək.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
17 İyul 18:10 Çək və bizə göndər!