
Avropa Liqasının ilk təsnifat mərhələsində baş tutacaq "Çelye" ilə “Sabah” arasındakı cavab matçını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmada əsas söz sahibi Draqomir Draqanov olacaq.
Yan xətlərdə ona Xristo Hacıyiski və Krasimir Atanasov yardım edəcək. Dördüncü hakim funksiyasını isə Martin Zivkov Velikov yerinə yetirəcək.
43 yaşlı ədalət təmsilçisi 2014-cü ildən Bolqarıstanın yüksək dəstə oyunlarını idarə etməkdədir. 2020-ci ildən etibarən beynəlxalq oyunlara təyinat alıb.
Peşəkar karyerasına 33 yaşında başlamasına baxmayaraq, Avropa təcrübəsi zəngin deyil.
Draqanov geridə qalan 5 ildə avrokuboklarda vur-tut 5 oyuna təyinat alıb. Və bunların heç birində yolu bizimkilərlə kəsişməyib. Heç Sloveniya təmsilçilərinin görüşlərində də gözə dəyməyib.
Bolqar referini əzazil kimi təqdim edə bilmərik. Meydandakı iş müddətində cibindəki vərəqələrdən çox futbolçularla ünsiyyətdən istifadə edir.
11 illik karyerası ərzində bütün yarışlarda 232 dueli (135-i Bolqarıstan Premyer Liqası) idarə edib ki, 984 dəfə sarı, 54 dəfə sarı vərəqəyə al atıb, bir o qədər də penalti nöqtəsini göstərib.
Ümid edək ki, Draqomirin beynəlxalq oyun təcrübəsinin az olması “Sabah” üçün önəmli qarşılaşmada yanlış qərarlara yol açmayacaq.
Komandalar arasında Bakıda baş tutan ilk görüşdə “Çelye” 3:2 hesabı ilə qələbə qazanıb.
Cavab oyunu iyulun 17-də “Zdejele” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ