
"Sabah" yeni baş məşqçi Valdas Dambrauskasın rəhbərliyi altında artıq 3 oyun keçirib.
Düzdü, ilk iki matç sınaq matçlarına təsadüf edir.
Burada nəticə o qədər də önəm daşımır.
Əsas taktiki-texniki və fiziki durumu düzəltmək, boşluqları aradan qaldırmaqdır.
Ötən dəfə litvalı mütəxəssisin hücum futboluna üstünlük verdiyini qeyd etmişdik.
"Sabah"ın son dönəmlər formalaşmaqda olan fəlsəfəsi yerində qalacaq.
Bunu nəticələrdə də görmək olar.
"Pakş" (3:3) və "Rapid"lə (2:2) oyunlarda "tələblər" nə az, nə çox 5 dəfə fərqlənməyi bacarıb.
Müsbət məqamdır, gələcəyə ümid verir.
Amma narahatlıq yaradan nüanslar da yox deyil.
Məsələn, hücum nə qədər effektivdirsə, müdafiə o qədər "boş" təsir bağışlayır.
Hər halda, buraxılan 5 qol ciddi siqnaldır.
Digəri isə ötən mövsümdən Masazır klubunun yaxasından əl çəkməyən bərabərlik şakəridir.
Görünür, Valdas Dambrauskas da bu problemi hələ çözə bilməyib.
Bunların sınaq görüşlərində yaşanması təsəlli verə bilərdi.
Təəssüf ki, ilk rəsmi oyunda da bənzər olaylar yaşandı. Komanda "Çelye" ilə matçda çox qol vurmağı bacardığı kimi, ucuz qollar buraxmaqla da yadda qaldı.
Elə bərabərlik şakəri də davam edəcəkdi. Son saniyələrdə buraxılan qol olmasaydı.
Atalar üçdən deyib, amma görünən odur ki, üçüncü əcnəbi mütəxəssis də kollektivin bənzər dərdinə dərman ola bilmir.
Ümid edək ki, bütün neqativlər bu gün "Çelye" ilə səfər matçında aradan qaldırılacaq.
XANOĞLAN İMANOV