
"Sabah" avrokuboklara məğlubiyyətlə başladı.
Komanda doğma meydanda "Çelye" ilə bacarmadı - 2:3.
"Tələblər" xüsusilə ilk hissəni yaxşı keçirmişdi.
Ən azı bərabərlik əlinin içində kimi görünürdü.
İlk 90 dəqiqə göstərdi ki, bu rəqibi keçmək olar.
Hər nə qədər ötən mövsüm Konfrans Liqasında 1/4 final oynasalar belə, arada uçurum yoxdur.
Bəlkə də bu səbəbdəndir ki, baş məşqçi Valdas Dambrauskas elə oyundan sonrakı mətbuat konfransında cavab görüşü barədə çox inamlı danışdı.
Sonrakı günlərdə onun yetirmələri də açıqlamalarında Sloveniyada mərhələni adlayacaqlarına inamlarını ifadə ediblər.
Deməli, psixoloji baxımdan vəziyyət ürəkaçandır.
Futbolda inam, güvən uğurun ən azı yarısını təşkil edir.
Amma yetərli deyil.
Baş məşqçi təyinatının yubanması səbəbindən hazırlığın gec başlaması ilk oyunda qabarıq özünü göstərdi.
Həm fiziki baxımdan, həm də kollektiv anlaşmanın aşağı olması sarıdan.
Solvet ilk baxışdan yaxşı transferə bənzəyir.
İkili mübarizələrdə qalib ayrılması, diaqonal ötürmələri, bəzən oyunu üzərinə götürüb reydlərə cəhd etməsi səviyyəsindən xəbər verir.
Amma stoperin mövqe səhvindən 2 qol buraxıldı.
Bu da təbii ki, daha çox anlaşmanın aşağı olmasından irəli gəlir.
Bu kimi nöqsanları aradan qaldırmaq isə arxada qalan 1 həftədə asan deyil. Bəlkə də mümkünsüz görünür.
Bu da onu deməyə dəlalət edir ki, "Sabah" mərhələni keçməsə, bu rəqibinə görə yox, özünün gecikmiş qərarlarına görə olacaq.
Rəqibin evdə oynaması əlavə üstünlüyüdür.
Ancaq ən böyük üstünlüyü zamanında hazırlığa başlaması, fəlsəfə və onu quranın komandanın başında olmasıdır.
İki dəfə geri düşmələrinə rəğmən özlərində güc tapmalarının arxasında da məhz bu məqam dayanır.
Sanki "Sabah" bacardığı qədər, "Çelye" isə lazım olan qədər qol vurur görüntüsü vardı.
Bir sözlə, inanmaq yaxşıdır, amma reallıq ən doğurusudur.
Görünən odur ki, təmsilçimiz üçün səfər oyununda şans varsa, o da iynə ucu qədərdir.
XANOĞLAN İMANOV