“Sabah” ikinci mərhələdə Latviya çempionu RFS-ni hər iki görüşdə də məğlub edərək “Partizan”a rəqib olmuşdu.
Açığı, ötən mövsüm daxili yarışlarda göstərilən oyun bu komandaya məndə nə qədər çox ümid yaratmışdısa, latviyalılarla hər iki oyundakı performans bir o qədər üzmüşdü.
Gerçək demək lazımdır ki, birinci mərhələdə qələbələrə daha layiq komanda RFS olmuşdu. Təcrübəli rəqib hətta evdəki 0:2-yə, Bakıda 10 nəfərlə qalmağa rəğmən təmsilçimizə kifayət qədər başağrı olmağı bacarmışdı.
Latviyalı mütəxəssis Victor Morozun Masazırdakı qarşılaşmadan sonra "Düşünürəm ki, bəxtimiz gətirmədi" - deməsində də həqiqət payı az deyildi.
Ağlımın bir küncündə ehtimal edirdim ki, avrokuboklarda gördüyüm sabah serblərə asanlıqla təslim olacaq.
Düzdür, püşkdən sonra Belqrad təmsilçisinin problemləri manşetləri bəzəyirdi. Lakin klubun adı, formasının “çəkisi” “tələbələr” üçün əməlli-başlı kabus olmalıydı.
Təsəvvür edin ki, “Sabah” avrokuboklarda 3-cü görüşünə çıxdığı halda, “Partizan”da bu say 300 idi. Belə rəqibdən qorxmayıb nə edəsən?
Amma mən saydığımı sayım, gör, Murad Musayev və yetirmələri nə sayır.
Rusiyalı mütəxəssis meydana 11 oyunçu yox, 11 qladiator buraxmışdı.
Düzgün analiz edilən rəqibə qarşı futbolçular həm düzgün oynadılar, həm də əsl döyüşçü kimi döyüşdülər.
Bir komanda ruhu formasında. Əbəs deyil ki, ötən mövsüm xarüqələr yaradan nə Mikels, nə də Kaşuk bu dəfə heç yada düşmədi.
Çünki əcnəbi mütəxəssis “Sabah”da fərdlərdən asılı olmayan bir mexanizm yaradıb. Gənc Ceyhun Nuriyev, ehtiyat qüvvə Tellur mütəllimov belə meydana çıxanda həmin mexanizm pozulmur.
Əbəs deyil ki, Murad Musayevin həmkarı İqor Dulyay mətbuat konfransında səmimi etiraf etdi: "Sabah" bizə dərs keçdi. Rəqib baş məşqçini təbrik etdim”.
Bu qədər xoş sözlərin, parlaq qələbənin fonunda isə əsla arxayınlaşmaq olmaz. Səfər dərsində kiçik boşluq “Sabah”ı qoca rəqibin əks fəndi ilə üz-üzə qoya bilər. Allah göstərməsin.
XANOĞLAN / SPORTİNFO.AZ

