Bu il Premyer Liqada çempionluq uğrunda amansız mübarizə gedəcək.
Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan “Sabah” titulu qorumağa çalışacaqsa, “Qarabağ” son vaxtlar yaşanan uğursuzluqları unutdurmağa çalışacaq.
“Tələbələr”in azı yanvar ayına qədər Avropa arenalarında çıxış etməsi ağdamlıların işinə yaraya bilər. “Köhlən atlar”ın əsas mərhələdən kənar qaldığını nəzərə alsaq, bu, onlar üçün əla fürsətdir.
“Qarabağ”ın macar müdafiəçisi Bense Varkonyi Sportinfo.az-a açıqlamasında “tələbələr”i tərifləsə də, çempionluq hədəfini açıq şəkildə bildirib:
“Söhbət təkcə “Sabah”dan getmir. “Neftçi” də yubiley ilində azarkeşlərini sevindirmək üçün böyük işlər görməkdədir.
“Turan Tovuz” da iddialıdır. Premyer Liqada belə rəqiblərin olması təbii ki, bizi sevindirir.
“Sabah”ı Çempionlar Liqasındakı uğurlu çıxışa görə təbrik edirəm. Bu, təkcə klub yox, Azərbaycan və onun fuitbolu adına xoş hadisədir. Hər yerdə Azərbaycanın bayrağı dalğalanacaq.
Bütün bunlara baxmayaraq, “Sabah” çempionatdakı əsas rəqiblərimizdəndir. Əlimizdən gələni edəcəyik ki, şəxsi oyunlarda onları məğlub edib yekunda çempion olaq”.
Maraq üçün bildirək ki, “Qarabağ”la “Sabah”ın çempionatda ilk şəxsi görüşü 9-cu turda, yəni oktyabrın 23-25-i aralığında baş tutacaq.
HƏBİB
