“Neftçi” mövsümə fırtına kimi başlamışdı.
İlk turda səfərdə “Sumqayıt” qapısına 3, bir həftə sonra doğma meydanında “Araz-Naxçıvan”ın qapısına 5 qol vurmuşdu.
Ancaq hər iki oyunun müəyyən hissələrində hiss olunurdu ki, bu “Neftçi” gözlənilən və arzulanan “Neftçi” deyil. Əsas rəqibləri ilə matçlarda əziyyət çəkəcək, məğlub olacaq, bir sözlə, çempionluq mübarizəsinə yaxın düşə bilməyəcək.
“Ağ-qaralar”ın müdafiə xətti bərbad durumdadır. Cinahlarda yer alanlar az-çox nəsə etməyə çalışsalar da, İqor Ribeyro-Elvin Bədəlov cütlüyü komandanı məhvə sürükləyir. Sanki ayaq üstə durmaqda çətinlik çəkirlər. O dərəcədə ağır və vecsiz görünürlər.
“Dinamo Minsk”lə qarşılaşmalarda ümumi vəziyyətlə tanış olandan sonra “Sumqayıt”la görüşün son 10-15 dəqiqəsində müəyyən siqnallar verildi. “Araz-Naxçıvan”la oyunun ikinci yarısında Emil Balayev komandasını üç epizodda qoldan xilas etdi. “Zirə” ilə dueldə meydan sahibləri imkanları dəyərləndirə bilsəydi, azı 3 top fərqi ilə qələbə qazanacaqdı. Yəni “Neftçi”nin qarşısına düz-əməlli rəqib çıxanda, müdafiə xətti yox olur.
Tək müdafiə dərdi olsaydı, nə vardı?
Komandanın hücum qurması, rəqibin qapısı qarşısında əlverişli imkan yaratması, lap dəqiq desək, düşünülmüş hücumlar və kombinasiyalar da yox dərəcəsindədir. Ara-sıra nəsə etmək istəyirlər, o da lazımi effekti vermir. Əvvəlki iki oyunda Breno Almeydanın ustalığı fayda vermişdisə, Zirədə Breno da yox kimi idi.
Kənardan baxan elə bilər ki, komanda cəmi iki həftə əvvəl yığılıb, futbolçular bir-birinin üzünü indi-indi görməyə başlayıb.
Yeni transferlərin karyerasını vərəqləyib, videogörüntülərinə baxanda “Neftçi”yə fayda verəcəklərini ehtimal etmək olar. Amma nə Şkribek, Nə Saviç, nə Tupta yükün altından üzüağ çıxana oxşamır. Sanki Azərbaycan Premyer Liqasının keyfiyyətini bu dərəcədə gözləmirdilər. “Zirə” ilə oyunda üzlərindəki həyəcan açıq-aşkar hiss olunurdu.
Hələ ki, işlərin yaxşıya doğru dəyişəyinin mesajı yoxdur. Baş məşqçi Yuri Vernidub hər nə qədər bəhanələrin arxasında gizlənib vaxt qazanmağa çalışsa da, bakılılar bu oyunla ən yaxşı halda 4-cü pilləni tuta bilər. O da mümkün olsa.
“Neftçi” oktyabrda - 7-ci turda “Sabah”la, 8-ci turda “Qarabağ”la üz-üzə gələcək. Bu iki oyundan sonra ukraynalı çalışdırıcının səsləndirəcəyi fikirlər olduqca maraqlıdır.
Yəqin ki, “Neftçi” o vaxta qədər nisbətən özünə gələr, “yeni futbolçularımızın sayı çoxdur” bəhanəsi reallıqdan çox yumor təsiri bağışlayar.
Gözləyək...
HƏBİB / SPORTİNFO.AZ
