Təqribən iki ay sürən yay tətilindən «Sabah»la qayıtdıq.
İlk dəfə Premyer Liqanın medalçıları (gümüş) sırasına düşən komanda avrokuboklarda siftəsini Konfrans Liqasında «yudu» və pasport probleminə görə bir qədər yorucu alınan Latviya səfəri sonda üzümüzü güldürdü.
RFŞ zəif rəqib adlandırmazdım. Özünə və ölkəsinə görə bir komandadır. Azərbaycan Premyer Liqasında çıxış etsələr, beşinci-altıncı yerlər uğrunda mübarizə apara bilərlər.
«Sabah» yeni mövsümün hazırlığını Avstriyada keçib. Təlim-məşq toplanışının ağırlığı hələ futbolçuların canından çıxmayıb.
Fiziki hazırlığın təbii yorğunluğu bədənlərində, başlarında və ayaqlarında hiss olundu. Topladıqları gücü işlətmələri, formaya düşmələri iki-üç həftə çəkəcək.
Bu halla da RFŞ-i mübarizədən kənarlaşdırmaq olar. Doğrudur, «Sabah» usta ayaqlar və ayıq başlar sarıdan latviyalılardan bir xeyli üstündür.
Hər iki qol yada salaq, kifayətdir. Bu qədər asan yəni? Bakıdakı qarşılaşma bir qədər fərqli məcrada keçəcək. RFŞ bəribaşdan hesabdan silmək «Sabah»ın ağrımayan başına bəsmal bağlaya bilər.
Standart epizodlardan «dədə malı» kimi istifadə etmək latışların bəlkə də yeganə, amma əsas üstünlüyüdür. Bu vəziyyətdə nə qədər təhlükəli olduqlarını son 15-20 dəqiqədə gördük.
Hesabın gətirdiyi rahatlığın «Sabah»ın komanda olaraq təcrübəsizliyinə bağlayaq.
İllərdir avrokuboklarda çıxış edən RFŞ-in «duran toplar»da fəallığının qola nəticələnməsinə Yusif İmanovdan başqa kimsə mane olmadı.
Murad Musayev qarşılaşmadan sonra səhvlərdən bəhs edərkən, güman ki, elə bunu nəzərdə tuturdu. Hər bir halda Masazırdakı cavab matçında diqqəti əldən vermək olmaz.
Köhnə kişilər demişkən, yalnız ehtiyatlı igidin anası ağlamaz.
MUSA

