“Sabah“ UEFA-dan cavab gözləyir: ”Buna yaxın günlərdə aydınlıq gələcək”

26 May 2023 15:00 Sabah 1 522
“Sabah“ UEFA-dan cavab gözləyir: ”Buna yaxın günlərdə aydınlıq gələcək”

“Sabah“ tarixində ilk dəfə beynəlxalq statuslu yarışda iştirak edəcək.

Premyer Liqanın gümüş medallarını qazanan Masazır klubu gücünü Konfrans Liqasında sınayacaq.

Murad Musayevin baş məşqçisi olduğu komanda rəqiblərini, böyük ehtimalla doğma qəsəbədə qonaqlayacaq.

“Sabah“ bu məqsədlə UEFA-ya göndərdiyi sifariş ərizəsində “Bank Respublika Arena”nı nişan verib.

“Sabah” II təsnifat mərhələsində ev oyununu məhz orada keçirəcək. Komanda mərhələ adlayacağı təqdirdə, yenidən həmin məkanda oynaya bilər. Pley-offla bağlı qərar isə hələlik verilməyib.

Adıçəkilən stadion standartlara cavab vermədiyi üçün “Sabah” rəqiblərini fərqli məkanda qəbul edəcəyi ehtimal edilirdi. Ancaq arenada aparılan təmir işləri vəziyyətin dəyişməsinə səbəb olub.

Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Sportinfo.az-a açıqlamasında bunları deyib:

“Bildiyiniz kimi, UEFA-nın avrokubok oyunlarını qəbul edəcək stadionlarla bağlı müəyyən tələbləri var. Yalnız bu kriteriyalara cavab verən arenalarda beynəlxalq qarşılaşmaların keçirilməsinə icazə verilir.

“Bank Respublika Arena”nın UEFA-nın avrokubok oyunları üçün tələb etdiyi kriteriyalara uyğunlaşdırılması istiqamətində iş gedir.

Əsas məqsəd arenanı avrokubok oyunlarını qəbul etmək üçün tələb olunan səviyyəyə gətirməkdir. Hazırda stadionun müxtəlif iş otaqlarında, “skay-bokslar“ında və tribunalarında təmir işləri gedir.

Bundan əlavə, arenanın işıqlandırma sistemində və hesab tablosunda da yenilənmə olacaq. Artıq stadionun köhnə hesab tablosu çıxarılıb və tezliklə yenisi ilə əvəz ediləcək.

Klub olaraq “Bank Respublika Arena”nın tələb olunan kriteriyalara cavab verməsi üçün çalışırıq.

Konfrans Liqasında ev oyunlarımızı doğma arenamızda keçirib-keçirə bilməyəcəyimizlə bağlı məsələyə yaxın günlərdə aydınlıq gələcək”.

Digər Xəbərlər
Xəbər Lenti