“Qarabağ”ın istirahət etdiyi turda “Sabah” növbəti qələbəsini qazandı.
İndi Ağdam təmsilçisi ilə masazırlıların xal fərqi bir az da artıb – 7-yə bərabər olub.
Amma “Qarabağ”ın ehtiyatda bir oyununun olması bu xal fərqinin saxlanılmasını təkcə “Sabah”dan asılı etmir. Dünən isə Valdas Dambrauskasın yetirmələri özündən asılı olanı elədi – “Kəpəz”i məğlub etdi.
Düzdü, bu qələbə asan başa gəlmədi. Elə də gözlənilirdi.
Azər Bağırovun baş məşqçisi olduğu Gəncə təmsilçisi ötən mövsüm də “Sabah”a başağrısı olmuşdu.
Amma bu “Sabah”, o “Sabah” deyil. Dambrauskasın komandası hətta oyunu alınmayanda belə 3 xalı öz hesabına yazmağı bacarır.
Dünən isə “Sabah”da oyun da var idi. Sadəcə, son məqamda nə isə çatmırdı.
“Sabah” meydanda tam üstün tərəf idi. Yenə eyni ötürmələr, pressinq, sürətli hücumlar...
Bu dəfə hücum xəttindəki futbolçuların son toxunuşu və ya Velko Simiçin hər zaman görməyə öyrəşdiyimiz açar ötürmələri görünmürdü sanki.
Meydandakı üstünlük isə şəksiz idi. Topa sahibolma 66-44, qapıya ümumumi zərbələr 17-6, qapı çərçivəsinə zərbələr isə 6-0 “Sabah”ın xeyrinə idi.
“Kəpəz” hər nə qədər yaxşı mübarizə aparsa da, bu matçda “Sabah”ın xal itkisi futbol adına ədalətsizlik olardı. Bu ədaləti isə Dambrauskas təmin elədi.
Litvalı mütəxəssisin oyuna müdaxiləsi “Sabah” üçün qızıl dəyərində oldu. 74-cü dəqiqədə Kahim Parris, Coy-Lens Mikelsi döyüşə atan Valdas, bunun bəhrəsini cəmi 13 dəqiqə sonra gördü.
Aron Maludanın dəqiq ötürməsini Parris dəqiq zərbə ilə tamamladı - 1:0. Elə bu qol oyunda həlledici oldu.
Hesab kiçik olsa da, bu qələbənin mahiyyəti “Sabah” üçün çox mühüm oldu. Ciddi uğurlara gedən yol məhz belə çətin qələbələrdən keçir.
Bu həftə sonu isə təkcə “Sabah” üçün yox, həm də Azərbaycan futbolu üçün çox mühüm oyun olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda cari mövsümdə çempionluq uğrunda gərgin mübarizə aparan “Qarabağ” və “Sabah” kimin daha güclü olmasına aydınlıq gətirəcək.
Oyun ölkənin mərkəzi arenasında, 31 min tamaşaçı tutumu olan, həmçinin şəhərin ən rahat hissəsində keçiriləcək.
Bu matça gəlməmək üçün heç bir bəhanə yoxdur. Futbol olaraq bu oyunun maraqlı keçəcəyini proqnozlaşdırmaq çətin deyil.
Çətin olan bu oyunda tribunaların nə qədər hissəsinin dolacağıdır. Bu oyun həm də azərbaycanlı futbol azarkeşlərinin ölkə futboluna hansı səviyyədə maraq göstərdiyini üzə çıxaracaq.
Xəlil Sadıq

