“Xəzər Lənkəran”dan AFFA-nın baş katibinə şikayət olundu: “Ədaləti bərqərar edin” - FOTO

10 May 2023 17:40 Region Liqası 1 804
“Xəzər Lənkəran”dan AFFA-nın baş katibinə şikayət olundu: “Ədaləti bərqərar edin” - FOTO

Region Liqasında çıxış edən “Marxal”ın prezidenti Elgün Hüseynov AFFA-nın baş katibi Sərxan Hacıyevə məktub ünvanlayıb.

Şəki klubunun rəhbəri “Xəzər Lənkəran 42”nin çempionatın əsasnaməsini pozmasına dair faktları sadalayıb və bu komandanın ¼ final mərhələsindən uzaqlaşdırılmasını istəyib.

Ondan xahiş olunub ki, ədalətin bərqərar olunmasına köməklik göstərsin.

Tərəflər arasında cavab görüşü qeyri-müəyyən müddətə təxirə salınıb. Buna səbəb in ilk oyunda baş verən hadisədir.

Cənub klubu "Marxal"la səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 "lipa" buraxıb.

Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan "ağ-yaşıllar" peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

Belə ki, ötən mövsüm "Xan Lənkəran"ın formasını geyinən bu oyunçular 2022-ci ilin iyulunda Tacikistana yollanıb və əsas liqada çıxış edən "Fayzkand"ın formasını geyinib.

"Xəzər Lənkəran"ın yetirmələri bu ilin yanvarında Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb.

Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz.

İştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 1 ili professional klubda forma geyinməməsi tələb olunur. Elvinlə İlyas isə cəmi 4 ay öncə Tacikistandan geri dönüb.

Bu faktın üstünü Sportinfo.az açıb. Saytımızın ortaya qoyduğu faktlara AFFA-nın baş katibi Sərxan Hacıyev həssas yanaşıb.

Məhz onun müdaxiləsindən və göstərişindən sonra federasiyanın müvafiq orqanları bununla bağlı araşdırmaya başlayıb.

Sərxan Hacıyev nədənsə qorxub çəkinməsə, yəni, ədalətli araşdırma getsə, “Xəzər Lənkəran”a 0:3 hesablı texniki məğlubiyyət veriləcək və çempionatdan kənarlaşdırılacaq.

Çünki adlarını yuxarıda çəkdiyimiz oyunçular yarışın 1/8 final mərhələsində “Ağsu 06” ilə qarşılaşmalarında da meydana çıxıb.

Amma… Aldığımız son informasiya, doğrudan da, məyusedicidir. AFFA-da Region Liqasına məsul şəxslərin bəzisi “Xəzər Lənkəran 42“ rəhbərliyi ilə əlbir hərəkət edir.

Bunda məqsədləri nədir, yəqin ki, Sərxan Hacıyev öyrənmək istəsə, öyrənər. Təxmin edirik ki, xəbəri yoxdur.

Odur ki, komputerə yaxın otursun və bu məlumatı da biz ona verək. Deməli, “Xəzər Lənkəran 42“nin arxasında dayanan şəxslər "Fayzkand"dan olan həmkarları ilə əlaqə yaradıb.

Onlar tacik tərəfindən saxta sənəd vermələrini xahiş edib. Guya ki, azərbaycanlı futbolçular "Fayzkand"dan bu ilin yanvarında deyil, ötən ilin sentyabr ayında ayrılıblar.

Habelə bildirilib ki, həmin sənəd AFFA-ya təqdim edilməsi üçün lazımdır.

Komandadaxili toplantıda isə elan olunub ki, AFFA onlardan belə bir sənədin gəlməsini gözləyir və əgər "Fayzkand" bu xahişi yerinə yetirsə, federasiya onu (saxta sənədi) əsas götürəcək.

Yəni, “Xəzər Lənkəran 42“ın cavab qarşılaşmasına çıxmasında heç bir problem qalmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”