“Xan Lənkəran”ın dağılmasını şərtləndirən QARANLIQ MƏQAMLAR

1 Avqust 2022 10:40 Region Liqası 1 786
“Xan Lənkəran”ın dağılmasını şərtləndirən QARANLIQ MƏQAMLAR

Ötən mövsüm Region Liqasında debüt etmiş və final oynamış “Xan Lənkəran” bəyanat yayıb.

Bəyanatda bunlar qeyd olunub:

“Bir neçə dəfə AFFA-ya I Divizionda iştirakla bağlı, yazılı və şifahi müraciətlər ünvanlasaq da, müsbət nəticə verilmədiyinə görə “Xan Lənkəran” PFK bu mövsüm Region Liqasında çıxış etməkdən imtina edir.

Onu da qeyd edək ki, hətta varislik müraciətinə belə, rəsmi cavab verilmədi. Beləliklə, AFFA-nın 3 illik Region Liqasında çıxış etməsi tələbi klubun I Divizionda iştirakına mane oldu.

Bütün bunlara baxmayaraq, klub idmanın, xüsusilə futbolun inkişafı üçün əlindən gələni edəcək.

Məlumat üçün bildirək ki, klubun yalnız aşağı yaş (U-10, 12, 13, 14, 17) qrupunda olan komandaları bu mövsüm liqalarda çıxış edəcək. Ötən mövsüm və bundan da sonra bizi dəstəkləyən hər kəsə təşəkkür edirik!”.

"Füzuli", "Ağsu Siti", "Göyəzən", "İrəvan", "Qobustan" və "Bakılı" I Divizionda iştirak üçün AFFA-ya məktub ünvanlayıb.

AFFA-nın saytı iddia edib ki, bununla bağlı müvafiq qaydada araşdırma aparılıb.

Sənədlərə baxış keçirilən zaman heç bir müraciətin AFFA və Peşəkar Futbol Liqası tərəfindən təqdim olunan meyarlara uyğun gəlmədiyi müəyyənləşib.

Beləliklə, tələb olunan 11 meyara uyğun şəkildə sənədlər təqdim olunmadığı üçün müraciət etmiş klubların 2022/2023 mövsümündə Divizionda çıxışı baş tutmayacaq.

Federasiya «Xan Lənkəran»ın «Qobustan»la varislik əsasında I Divizionda yarışmasına müsbət yanaşmayıb, onların bununla bağlı müraciətini cavablandırmayıb.

«Xan Lənkəran» rəhbərliyi mövxud vəziyyətdən çıxış edərək, bütün futbolçularına sərbəst agent statusu verib. İndən sonra onların bütün gələcək planları uşaq futbolunu əhatə edəcək.

Başqa sözlə, ötən mövsüm əsas komandanın saxlanılmasına sərf edilmiş 600 min manatdan artıq vəsait batmış sayılır.

Təəssüf ki, hər şey belə alındı. Klubun prezidenti Pərviz Hüseynovun «Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimovla İstanbulda görüşməsi və bu görüşdən atirə olaraq çəkilən fotonun mediada yayılması AFFA-nı qəzəbləndirdi.

Bəlkə də bu foto böyük sürətlə hər yerdə tirajlanmasaydı, hər şey başqa cür nəticələnərdi, «Xan Lənkəran» özünü dağa-daşa vurmaz, qapı arxasında qalmazdı.

Mənsimovla federasiyanın başbilənləri arasındakı münasibətlər o dərəcədə pisdir ki, onun adı çəkilən yerdə heç bir iş görməzlər. Halbuki ona kimi AFFA ilə «Xan Lənkəran» arasında münasibətlər çox yaxşı görünürdü.

Cənub təmsilçisinin nümayəndələri elə bir açıqlama olmurdu ki, onun əvvəlində və sonunda AFFA-nın ünvanına xoş fikirlər səsləndirməsin.

Ortaya Mənsimovun fotosu çıxınca, gedişat 180 dərəcə dəyişdi, «Xan Lənkəran»la «Xəzər Lənkəran»ın birləşməsi ideyası gündəmə gəlincə, ümumiyyətlə, bütün «körpülər» yandı.

AFFA araşdırmadı ki, həqiqətən iki klubun rəhbərliyi arasında münasibətlər yaxındır, ya yox.

Hərçənd «Xan Lənkəran»ın prezidenti Pərviz Hüseynov müstəqil fəaliyyət göstərdiklərini, Mənsimovlar ailəsi ilə hər hansı işbirliyi qurmadıqlarını sübuta yetirməyə hazır olduqlarını bəyan etmişdi.

O, «Xan Lənkəran»ın maliyyə qaynaqlarını, tabeçiliyindəki şirkətlərin sənədlərini də federasiyaya təqdim etməyə razı idi.

Düzdür, Rusiyada yaşayan iş adamı sonadək biznes sahələri barədə mediaya konkret heç nə demədi, ancaq müxtəlif dövlət qurumlarına ünvanladığı məktublardan anlaşılır ki, Hüseynov özünə çox güvənir.

AFFA-nın «Araz-Naxçıvan», «İmişli» və «Mingəçevir»i I Diviziona buraxıb, «Xan Lənkəran»ı kənarda saxlaması həm də onu göstərdi ki, 32 yaşlı biznesmenin ayrı-ayrı yüksək instansiyalarla əlaqələri/münasibətləri yox səviyyəsindədir.

Əksi olsaydı, onlardan kim(lər)sə «Xan Lənkəran» üçün AFFA-ya zəmanət verərdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!