"Qarabağ" üçün ev sayılacaq səfər: VACİB NÜANSLAR

29 Oktyabr 2020 20:10 Qarabağ 409
"Qarabağ" üçün ev sayılacaq səfər: VACİB NÜANSLAR

"Qarabağ" bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Vilyarreal"ı qəbul edir.

Ev sayılacaq səfər - UEFA Dağlıq Qarabağda yaşanan gərginliklə bağlı "Qarabağ"a ölkəmizdə oynamaq qadağası qoyub. Mütləq idi ki, oyun neytral meydanda keçirilsin. UEFA ilkin variantlar kimi Kipr, Polşa və Macarıstan təklif etsə də, Ağdamlılar israrla Türkiyə variantına üstünlük verdi və sonda da istəklərinə çatdılar. Təbii ki, belə israr səbəbsiz deyildi. Hər nə qədər Türkiyəyə getmək üçün ölkəmizi tərk etsək də, özümüzü heç vaxt orada yad kimi hiss etməmişik. Hər halda "bir millət iki dövlət" deyimi boşuna deyilməyib ki.

Az olan şanslar - 21:55 - də start fiti veriləcək oyun İstanbulun "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək. Qrup mərhələsinin ilk görüşündə İsrail "Makkabi"sinə uduzan "Qarabağ" ikinci tur aktivinə ən azı 1 xal yazdırmağa çalışacaq. Amma bu heç də asan görünmür. Çünki rəqib hazırda La Liqada liderlər qrupunda qərarlaşan "Vilyarreal"dır. İspaniyalılar "Qarabağ"dan fərqli olaraq həm də ilk turda "Sivasspor" üzərində 5-3 hesablı qələbə qazanmağı bacarıb. Ağdamlıların şanslarını azaldan digər səbəb isə heyətdə olan itkilərdi. Bədavi Hüseynovun oynamayacağı dəqiqdir. Maksim Medvedev hələ də tam sağalmayıb. Mahir Emreli zədədən yeni qayıdıb. Onun nə qədər oynaya biləcəyi, ümumiyyətlə, hazırda hansı formada olması qeyri-müəyyən olaraq qalır.

"Yükü" yüngülləşən "Qarabağ" - İllərdi "Qarabağ" Azərbaycanın ümid yeridir, qələbə ümididir. Ağdamlıların uğuru ölkədə tam başqa qarşılanır və sevilir. Səbəb də komandanın təmsil olunduğu Qarabağ bölgəsinin Ermənistan silahlı quvvələrinin işğalı altında olması idi. Bu məqam "Qarabağ"da çalışan hər kəsin məsuliyyətini birə beş artırmış olub. İnsafən komanda da illərdi bu məsuliyyəti dərk edib və layiqincə ölkəmiz avropada təmsil edə bilib.

Amma indi şərtlə çox dəyişib. 27 sentyabr tarixindən Azərbaycan ordusu Dağlıq Qarabağda sürətli əks hücum əməliyyatları keçirir. Rəşadətli ordumuz döyüş meydanında qazandığı uğurlarla bizləri sevindirməyi bacarır. Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri və bir çox başqa ərazilər işğaldan azad olunub.

İllərdi gözlədiyimiz, istədiyimiz məhz bu qələbələr olub. Sadəcə bunlar olmayınca ümidimizi "Qarabağ"a bağlamışıq. Özündən qat-qat güclü və adlı-sanlı rəqiblərlə görüşlərdə belə onlardan uğur gözləmişik, istəmişik. Hətta bəzən tələb etmişik.

İndi ordumuzun möhtəşəm qələbələr qazanması sanki "Qarabağ"ın da məsuliyyətini, yükünü azaltmış olub. Daha uğursuzluq o qədər də üzmür bizi. Çünki rəşadətli ordumuz daha vacib qələbələri döyüş meydanında sıralamaqla məşğuldur.

Bəzən sərbəs olmaq, məsuliyyətdən azad olmaq daha yaxşı mübarizə aparmağa kömək etmiş olur. İnanaq ki, bu məqam "Qarabağ"a kömək etmiş olacaq və ağdamlılar çətin səfərdən ən azı xalla qayıtmağı bacaracaq. Qələbə qələbəyə qarışarsa nə xoş bizə. Bundan gözəl nə ola bilər ki? Xalqımız, millətimiz belə qələbələri haqq edir.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu