COP29

İlkin Fikrətoğlu “Qarabağ”ı həm tənqid etdi, həm də...

6 Dekabr 2023 16:00 Qarabağ 920
İlkin Fikrətoğlu “Qarabağ”ı həm tənqid etdi, həm də...

“Molde” - “Qarabağ” matçı hər iki komanda ücün final xarakterli idi.

Qalib tərəf qrup ikinciliyini və pley-offa vəsiqəni böyük ölçüdə təmin edəcəkdi.

Norveç çempionundan fərqli olaraq, bizə bu oyunda heç-heçə də sərf edirdi. “Qarabağ” özünə lazım olan nəticəni qazandı, amma çox cətinliklə.

Azarkeşi öldürüb diriltməklə. Bakıdakı matçdan fərqli, norveçlilər bu dəfə Azərbaycan çempionundan daha yaxşı oynadılar.

“Qarabağ”ın öyrəşmədiyi kəskin hava şəraiti, orta sahənin əsas fiquru Julio Romanun sarı vərəqə limiti üzündən oynamaması, rəqibin daha istəkli, daha motivasiyalı olması bizimkilərin işini xeyli çətinləşdirmişdi.

Yaxşı ki, ilk yarıda Juninyo fərdi ustalığı, sürəti hesabına “Molde”nin müdafiəsini yarıb o qolu vurdu. Hesabda öndə olmağımız “Qarabağ”lı futbolçuların daha rahat oynamasına təkan verdi.

Bir də qapıçı Andrey Lunyov. “Yaxşı qapıçı komandanın yarısıdır” deyimini rusiyalı əyani şəkildə göstərdi.

Onun soyuqqanlığı komanda yoldaşlarına əlavə stimul idi. Amma bütün matçı belə rahat, həyacansız izləyə bilmədik.

“Molde”nin getdikcə artan təzyiqi son dəqiqlərdə nəticə verdi. “Qarabağ” 5 dəqiqə ərzində qapısında iki qol gördü.

Hər ikisini də Kristisan Eriksen vurdu. Həmin anlarda ekran qarşısında əyləşən yüzminlərlə azərbaycanlının üz ifadəsini, keçirdiyi hissləri, ağzından çıxan sözləri təsəvvür etmək, məncə, elə də çətin deyil.

Heç kəs qəbul edə bilmirdi ki, “Qarabağ” hələ qrupdakı ilk iki turdan sonra qapısını döydüyü pley-off mərhələsindən indi kənarda qala bilər.

Yaxşı ki, Tanrı bizə o əzabı yaşatmadı. “Qarabağ” ürəyimizi üzdü, üzdü, nəhayət, bütün Azərbaycanın arzuladığı o qolu vurdu.

Hücuma, kombinasiyaya söz ola bilməz, həm də lazımı anda, lazımı yerdə olan Bəhlul Mustafazadəyə.

Artıq müdafiəçilik bir iş qalmamışdı deyə, hücuma atılan arxa xətt oyunçumuz vuduğu bərabərlik qoluyla gecə saat 2-də Norveçdən min kilometlərlə uzaqdakı Azərbaycanı silkələdi - 2:2.

Necə deyərlər, yaxşı qurtardıq. Pis oynasaq da, bizim gecəmiz imiş.

Bu nəticəylə “Qarabağ” ardıcıl üçüncü dəfə avrokuboklarda qrupdan çıxmağı qarantiyaladı. Amma ilk iki dəfədən fərqli olaraq, bu dəfə hamı Konfrans Liqasının deyil. Avropa Liqasının pley-offunu gözləyir.

Bunun üçün “Qarabağ”ın son turda Bakıda hec bir iddiası qalmayan İsveç çempionu “Hekken”ə qalib gəlməsi kifayətdir.

Əlbəttə, başqa variantlar da var, amma o barədə hec düşünmək lazım deyil. Öz əlimizdə olan şansı buraxıb, ümidimizi almana , norveçliyə niyə bağlamalıyıq ki?

Haydı, bitir bu işi, “Qarabağ”! Dekabrın 14-da axşam bayram edək.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"