COP29

Norveçdə “Qarabağ”ın tarixinə düşəcək gecə

30 Noyabr 2023 20:40 Qarabağ 446
Norveçdə “Qarabağ”ın tarixinə düşəcək gecə

“Qarabağ” növbəti dəfə çətin sınaq qarşısındadır.

Az qala hər il indiki vəziyyət yaranır. “Köhlən atlar” qrup mərhələsinə inamlı başlayır, sona yaxın ortaya hansısa əmma çıxır və Avropa Liqasının pley-off mərhələsinə yüksəlmək arzusu “suya düşür”.

Bu, Qurban Qurbanovun başçılıq etdiyi kollektivin 10-cu qruo mərhələsi mübarizəsidir. Ağdamlılar 2013-cü ildən bu yana Avropanın bütün klub turnirlərində iştirak etsə də, indiyə qədər heç vaxt Çempionlar Liqası ilə Avroliqanın “yaz imtahanı”nda iştirak edə bilməyib.

Odur ki, ələ inanılmaz dərəcədə möhtəşəm imkan düşüb. Bunun üçünsə çox yox, cəmi 1 qələbə kifayət edir.

Bu axşam “Aker” stadionunda “Molde”nin qonağı olacaq “Qarabağ” meydanı 3 xalla tərk edəcəyi halda sonuncu turun nəticələrindən asılı olmayaraq, növbəti tarixi ilkə imza atacaq.

Sözsüz, norveçlilər doğma meydanda kifayət qədər xoş təsir bağışlayır, qarlı və şaxtalı hava şəraiti onların xeyrinədir, son 2 oyunda “Hekken” üzərində qazanılan qələbələr onları ümidləndirib, bizimkilər çox vacib fiqur Julio Romaosuz oynayacaq – bütün bunları bilirik.

Lakin bildiyimiz bir şey də var ki, “Qarabağ”da olan xarakter, təcrübə və topla oynamaq bacarığı rəqibdə yoxdur. “Köhlən atlar”ın “Molde”dən nə qədər üstün olduğunu bilmək üçün komandalar arasında Bakıda baş tutan ilk oyunu xatırlamaq kifayət edir. Norveç təmsilçisi darmadağından bəxt sayəsində qaçmağı bacarmışdı.

Olduqca həssas andır. Axşamkı 90 dəqiqə ərzində meydanda can qoymaq, rəqib qapısına qol və qollar vurmaq “Qarabağ”ın Bakıya əsl qəhrəmanlar kimi qayıtmasına səbəb olacaq. Təsəvvür edin, mümkün qələbə “Hekken”lə Bakıdakı matçın yekun nəticəsindən asılı olmayaraq, təmsilçimizi Avropa Liqasının pley-off mərhələsinə daşıyacaq.

Heç-heçə də yaxşı nəticə kimi qiymətləndiriləcək. Ancaq bunun üçün sonuncu turu gözləmək lazım gələcək.

Odur ki, Azərbaycan xalqı sənə inanır, “Qarabağ”! Norveçdə öz futbolunu oyna, rəqibi qapısına “yapışdır”, qolları sırala və qələbə qazan! Bacaracaqsan!

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!