“Qarabağ”da vəziyyət: Bir addım irəli, iki addım geri…

6 Fevral 2023 11:00 Qarabağ 1 554
“Qarabağ”da vəziyyət: Bir addım irəli, iki addım geri…

“Yaxşı futbolçu yaxşı jurnalist kimidir, harada daha çox pul verirlərsə, o klubda oynamalıdır, orada yazmalıdır…”
(Elçin Səlcuq)

“Qarabağ”dan gedən Kadi Borges iki gün əvvəl “Krasnodar”da ilk oyununa çıxdı.

Rusiya çempionatında hazırda qış fasiləsidir, amma Əbu-Dabidə(Dubay) Rusiya Futbol Federasiyası klublararası Qış Kuboku keçir.

Bir gün əvvəl açılış matçında “Spartak”- “Rostov” oyununa baxmağa hövsələm çatmadı, "Krasnodar"la “Soçi”arasında görüşə isə Kadiyə görə oyunun 70-ci dəqiqəsinə, o meydandan çıxanadək baxdım.

“Krasnodar” əvvəl daha güclü klub idi, indi yeni baş məşqçi (Vladimir İviç)ilə sezonun ikinci yarısında nəticələrini yaxşılaşdırmaq istəyirlər. Əsas diqqəti də Kadinin oynadığı orta xəttə ayırıblar.

qar.jpg (90 KB)

Oyunun şərhçiləri bir xeyli yeni transfer Kadinin(tam adı Kadi Luri Borges Malinovskidir, polyak əsillidir) Borges, yoxsa Borjes kimi təqdim etməyin daha doğru olduğunu müzakirə etdilər. Nəhayət, qərar bu oldu ki, Borjes daha doğrudur. Rusiya mediası da onu elə təqdim edir.

Kadini 2021-ci ilin yayında “Zirə”yə baxışa gələndə “Qarabağ” seleksiyaçıları görüb heyətə gətirmişdilər. Kadi ilyarımda “Qarabağ”da və Avropa meydanında özünü göstərə bildi, baxımlı qollar vuraraq həm də öz aktivinə xallar yazdırdı.

Kadi “Qarabağ”a gəlib-getmiş bir çoxlardan fərqli olaraq, daha yaxşı kluba, daha baha qiymətə(5 milyon avroya) transfer olunmuş ilk futbolçudur.

qarabaq-1-1.jpg (111 KB)

Rəhmətlik Elçin Səlcuqun məşhur bir kəlamı vardı, baxmayaraq ki, mən o zamankı Azərbaycan reallıqları səbəbindən onunla heç vaxt razılaşmırdım. O deyirdi ki, yaxşı jurnalist də yaxşı futbolçu kimidir, harada daha çox pul verirlərsə, orada yazmalıdır, futbolçu da o klubda oynamalıdır. Jurnalisti bir “klub”a(kollektivə) bağlayan səbəblər əlbəttə ki, daha fərqlidir, amma Messi ata evi hesab etdiyi “Barselona” dan getdisə, Kadi kimi oyunçuları “Qarabağ”ı tərk etdiyinə görə heç kimi qınaya bilməz. Onu “Qarabağ”da tanıdılar, o da borclu qalmadı, kluba transferi ilə pul qazandırdı.

“Qarabağ” mənə görə xüsusi texnikası olmayan, amma qol vurmağı bacaran Ovusunu da tələsik “Ferensvaroş”a satdı, yenə nəsə qazandı, əvəzində deyəsən, üç transfer də etdi. Amma “Kəpəz”lə son oyunda “Qarabağ”ın heyətinin nə qədər kasadlaşdığı hiss olundu. Söhbət nəticədən getmir, “Qarabağ” yeni transferlərini heyətə oturuşduranədək zaman keçəcək. Yeni transferlərdən biri, albaniyalı Redon Cicanın öz ölkəsinin mediasına verdiyi müsahibədə dediklərini isə bəyənmədim. Deyir ki, “Qarabağ”a pula görə gəlməmişəm. Bu yaxşı, amma sonra da əlavə edir: ““Qarabağ”a transferi daha güclü komandaya keçmək üçün yaxşı fürsət kimi görürəm”. Bu albaniyalı hələ bisimilah etməmiş, məqsədini deyir, əslində isə özü istəmədən, “Qarabağ”ı aşağılayır. Biz(klub) bundan nə gözləyir, bunun məqsədinə bax… Əlbəttə, yaxşı klubdan oynamaq bütün futbolçuların arzusudur, amma belə açıqlama olmaz ki... Onu “Kəpəz”lə oyunda ilk dəfə gördüm, ilk təəssüratım “heç nə” dir…İnşallah ki, Qurban Qurbanov onu da “döyüb-döyəşdəyib” yaxşı futbolçu edər, o da arzusuna çatar. Amma belə tezliklə, çətin...

qurbanov-4.jpg (49 KB)

Kadidən danışıb, söhbəti uzatdıq. “Kransodar”ın heyətində ilk oyunda bir-iki ötürmə səhvləri etdi, burda da son oyunlarda bu səhvlərlə diqqət çəkirdi. Kadinin oyunu alınanda yaxşı futbolçudur, alınmayanda kölgədə qalır. “Krasnodar”da ilk oyununda şərhçilərin diqqətini çəkdi, Rusiya mediasında da xoş təəssürat yaradıb. “Soçi” ilə oyunda ilk qapıya zərbəni də o vurdu.Qol vurmaq istəyi isə onunla yekunlaşdı ki, “Soçi”nin yenicə meydana daxil olmuş oyunçusu onu yıxdı. “Krasnodar” VAR-a baxmağa tələb etdi və hakimin qərarı sərt oldu. “Soçi”nin oyunçusu qırmızı kart aldı, Kadi isə əvəzləndi. Zədəsi ciddi deyil, bunu özü də təsdiqləyib. Yeni transferrin zədələnməsindən pis heç nə ola bilməz. Kadi bunu adlatdı…

kady.jpg (8 KB)

Heyətlə bağlı problemlər tək “Qarabağ”ın başına gələn iş deyil, heyətlər yenilənir, hansısa klub zəifləyir, hansısa klub yeni transferlər hesabına güclənir.

Amma bizim irəli gedə bilən, Azərbaycanın adını tanıdan bir klubumuz -“Qarabağ”ımız olduğuna görə heyət məsələsində daha həssasıq. İndilikdə rəyim budur ki, “Qarabağ” transferlərdən qazandı, maliyyə baxımdan irəli getdi.

Amma klub geriləyib. Lenin buna “Bir addım irəli, iki addım geri” deyirdi…

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı