"Qarabağ" üçüncü dəfə oxşar "qəza"dan qaçmaq üçün...

17 Avqust 2022 19:00 Qarabağ 491
"Qarabağ" üçüncü dəfə oxşar "qəza"dan qaçmaq üçün...

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə qarşılaşacağı bilinəndən tərəfimizə aramlıq çöküb.

Artıq ən mötəbər turnirin qrupundaymışıq kimi davranmağa başlamışıq.

Mənə tanış mənzərədir. Çox uzaq olmayan tarixdə Avropa Liqasının qrup mərhələsi təmin olunmuşdu. Artıq qrupdakı rəqiblərin kim olacağını gözləyirdik.

Püşk PAOK, "Fiorentina" və digər Çexiya təmsilçisi "Slovan"ı bizə rəqib çıxardı.

Düşərgəmizdə toy-bayram ab-havası yaşanırdı. Qrupdan çıxmağın haqq-hesabı aparılarkən çexlərlə matçlarda 6 xal "cibimizdə" kimi dəyərləndirilirdi.

O vaxt sosial şəbəkə hesabımdan elə bizi yıxan "Slovan" olacaq məzmunlu paylaşım etmişdim.

PAOK-dan 6 xal qazandığımız qrupdan sonda çıxa bilmədik. Çünki "cibimiz"də bildiyimiz 6 xaldan yalnız birini "Slovan"dan qopara bilmişdik. Onu da doğma meydanda son saniyələrdə Rəşad Sadıqovun vurduğu qolla.

Səfər matçı ümumiyyətlə, fiasko yaşanmışdı - 0:3.

Elə bu "Viktoriya"nın özü də bizə arxayınçılığın peşmançılığın pis yaşatmayıb.

Belə ki, 2016-cı1 il bu komanda ilə ÇL-in üçüncü təsnifat mərhələsində üz-üzə gəlmişdik. Qurban Qurbanovun komandası səfərdə əla oyun keçirsə də qol vura bilməmiş və Bakıya 0:0 bərabərliklə qayıtmışdı.

Cavab matçında yenə meydanın ağası "Qarabağ" olmuşdu. Muarrem Muarremlə hesabda önə çıxan komandamız sonrakı dəqiqələrdə saysız-hesabsız real qol vəziyyətlərində bəxtsizlik yaşamışdı. Və hesabı artırmaq barədə rahat-rahat düşündüyümüz anda - 86-cı dəqiqədə rəqib cinah asmasından sonrakı baş zərbəsi ilə hamımızı sükuta qərq etmişdi.

"Qarabağ"ın Lex", "Surix", "Ferentsvaroş" kimi komandaları bir-bir sıradan çıxarması "əşşi "Viktoriya"nı da keçərik" rahatçılığı yaratmamalıdır.

Atalar üçdən deyib. Ümid edək ki, bu dəfə illərin təcrübəsi "Qarabağ"ın oxşar rahatlığına aman verməyəcək. Üçüncü oxşar "qəza"dan qaçmaq yolunada bu - arxayınlaşmamaq ən önəmli faktordur!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti