Bakı klubunu yaradan şəxsin 41 milyonluq dələduzluq işi - Prokuror 13 il cəza istədi

7 Mart 2020 19:28 Qalmaqal 1 335
Bakı klubunu yaradan şəxsin 41 milyonluq dələduzluq işi - Prokuror 13 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində «Xəzər»FK-nın sahibi Emin Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Sportinfo.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.

Prokuror fəaliyyətini dayandırmış I Divizion klubunun yaradıcısının törətdiyi əmələ görə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məlum olub ki, Emin Zeynalov istintaq orqanının müəyyən etdiyi 41 milyon manat zərərdən 4.4 milyon manatını ödəyib.

Prokuror çıxışında Emin Zeynalovun məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsini istəyib.

Daha sonra məhkəmə iclasında iştirak edən zərərçəkmişlər prokurorun istədiyi cəzaya münasibət bildiriblər.

Zərərçəkmişlərdən Xalidə Məmmədova ona dəymiş zərərin ödənmədiyini deyib. O bildirib ki, bu iş üzrə ən az zərərçəkmiş şəxsdir. O, ev almaq üçün 143 min 700 dollarını Emin Zeynalova verdiyini deyib.

Xalidə Məmmədova söyləyib ki, əgər zərərçəkmişlər razı olarsa, Emin Zeynalovun üzərinə həbs qoyulmuş mənzili dəymiş zərərin qarşılığında ona verilsin.

Zərərçəkmiş Tamerlan Şeyxzamanovun nümayəndəsi zərərin ödənilmədiyini deyib və qərarı məhkəmənin mülahizəsinə buraxdığını söyləyib. Digər zərərçəkmiş Elvin Xalıqov pulu Emin Zeynalova vermədiyi üçün ondan şikayətçi olmadığını deyib.

Emin Zeynalova valyuta alış-satışı üçün 750 min dollar verən və sonra da aldadılan İlkin Nuriyev şikayətini geri götürüb.

İş üzrə zərərçəkmişlərdən Fərid Məmmədov da şikayətçi olmadığını deyib. Emin Zeynalova 1 milyon dollar verdiyini bildirən Fərid Məmmədov pulunu geri almasa da, hazırda şikayətçi olmadığını söyləyib.

O qeyd edib ki, razılaşmaya əsasən, Emin Zeynalovla aralarındakı pul məsələsini azadlığa çıxdıqdan sonra həll edəcəklər.
Fərid Məmmədov Emin Zeynalovun bacısının həyat yoldaşı olub.

Məhkəmədə digər zərərçəkmişlər iştirak etmədiyinə görə proses təxirə salınıb.

Emin Zeynalov məhkəmədəki ifadəsində həbs edilənə qədər ölkədə valyuta bazarına nəzarət etdiyini deyib. Belə ki, onun müəyyən etdiyi məzənnə ilə dollar və digər xarici valyutalar satışa çıxarılırmış.

Emin Zeynalov əlavə edib ki, onun özünün də bir neçə valyutadəyişmə məntəqələri olub. Həmin məntəqələr bankların müxtəlif filiallarında imiş.

Emin Zeynalov ifadəsində deyib ki, hətta bankların bir neçəsi xarici valyutanı ondan alıb-satırmış. Zeynalov bildirib ki, ölkədə ən ucuz qiymətə dollar və digər xarici valyuta satan şəxs olub.

"Valyuta bazarında hamı məni tanıyırdı. Böyük əməliyyatları mən aparırdım. Elə gün olurdu ki, "Günaybank"a bir əməliyyatla 450 min dollar xeyir vermişəm. Hər gün səhər heç kim əməliyyata başlamırdı. Məzənnəni mən müəyyən edirdim. Bundan sonra xarici valyuta satışa çıxarılırdı"- deyə Emin Zeynalov bildirib.

İttihamda yazılır ki, Emin Zeynalov "GünayBank"da sədr müavini olan zaman müxtəlif şəxslərdən külli miqdarda pul alıb. Həmin şəxslərə vəd edib ki, bankdan kənar valyuta dəyişməklə qısa zamanda qazanc əldə edəcək, onlara da qazanc verəcək.

İş üzrə zərərçəkmiş şəxslərin sayı 20-dir. Ümumi zərər 41 milyon manatdır. Törətdiyi əmələ görə ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Emin Zeynalov "Kapital Bank"ın (adı "BUSBank" olanda) keçmiş rəhbəri Zakir Zeynalovun oğludur. Z.Zeynalov 2000-ci ildə yaradılmış Birləşmiş Universal Səhmdar Bankı (BUS) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

O, 4 avqust 2004-cü il tarixinə kimi həmin vəzifədə işləyib. Daha sonra “Finans Lizinq” ASC Müşahidə şurasının sədri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının dosentidir.

E.Zeynalovun pulunu mənimsədiyi şəxslər arasında yüksək vəzifəli məmurların yaxınları da var.

Məhkəmə proseslərində təqsirləndirilən tərəf bildirir ki, bütün bu baş verənlər "Günaybank" rəhbəri Mahmud Məmmədovun sifarişləridir. Təqsirləndirilən tərəf Mahmud Məmmədovun həm ibtidai istintaqa, həm də məhəkəmə istintaqına təsir etdiyini bildirir.

Ötən proseslərdə şahidlərdən Turxan Əliyev ifadə vermişdi. O, Emin Zeynalovun işçisi olduğunu demişdi. Bildirmişdi ki, bu hadisələrdən sonra iki mənzili və iki evi əlindən alınıb.

O, təzyiqlərdən sonra mənzillərini Mahmud Məmmədovun mühafizəçisinin adına keçirib. Maşınlarını da onların göndərdiyi alverçiyə verib

Digər Xəbərlər
Xəbər Lenti