"Sumqayıt"ın polisə çağırılan məşqçisi: "Oyuna içkili gəlib, bizi söyürdü"

18 Yanvar 2020 20:15 Qalmaqal 1 256
"Sumqayıt"ın polisə çağırılan məşqçisi: "Oyuna içkili gəlib, bizi söyürdü"

"Sumqayıt"ın U-12 komandasının baş məşqçisi Rəşad Muradov azyaşlı futbolçunu təhqir etdiyi üçün ondan polisə şikayət olunması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Sportinfo.az-a danışan gənc mütəxəssis polis bölməsinə çağırıldığını etiraf edib. Ancaq məşqçi bunun təhqir yox, həmin uşağın komandadan çıxarıldığı üçün baş verdiyini söyləyib:

"Hadisə dekabr ayının 28-də olub. Məşqdə idik, həmin vaxta oyun salmışdıq. Valideyn spirtli içki içib, oyuna gəlmişdi. Rəhbərliklə ağızlaşdığı üçün övladı komandadan uzaqlaşdırılıb. Yəni, bu hadisənin mənə heç bir aidiyyatı yoxdur. Sonra bir gün mənə şəhər polis idarəsindən zəng gəldi. Əvvəl elə bildim ki, kimsə zarafat edir. Dedim, səhv düşmüsüz. İclasda növbəti dəfə zəng gəldi. Bildirdilər ki, sizin filanl bölmədən narahat edirik, Ruslan müəllimdir. Nə məsələ olduğunu soruşdum, dedilər, sizdən şikayət var. Bölməyə getdim, izahat yazdım ki, o uşağı komandadan mən deyil, rəhbərlik çıxarıb.

Burada ən ən çox təsir edən odur ki, guya, mən uşağı təhqir etmişəm. Heç bir müəllim uşağı təhqir edə bilməz. Mənim də övladım var. Heç kimə xoş gəlməz. Bu, mənə aid deyil. Ona hirsləndim ki, bunu rəhbərlik çıxarıb, amma mənimlə əlaqələndirirlər. Valideyn gedib şikayət edib ki, uşağını komandadan mən uzaqlaşdırmışam. Bunun isə mənə aidiyyatı yoxdur".

Muradov məlum məsələyə görə komandadan ayrıldığını bildirib: "Hazırda məsələnin nə yerdə olub-olmadığını bilmirəm. Çünki öz istəyimlə komandadan istefa verdim. Yazıblar ki, müəllimi klubdan çıxarıblar. Amma belə deyil. Məni heç kim kənarlaşdırmayıb. Öz istəyimlə ayrılmışam. Söhbət şişməsin deyə, bu addımı atdım. Yenə deyirəm, uşağı bizim koordinator Hakan Sünal çıxarıb. Mən müəlliməm, bölməyə getməli deyiləm. O uşağı kənarda işlətməmişəm, təhqir etməmişəm.

Normal uşaqdır, amma heyətdə deyildi. Bir ara mənə təzyiq olundu ki, bu uşaq filankəsin qohumlarındandır, heyətdə olmalı, oynamalıdır. Mən də bildirdim ki, bundan da yaxşı uşaqlar var. Onlar niyə kənarda qalmalıdır? Bu gün güclü uşağı heç kim ehtiyatda saxlamaz. Mən o qədər qərəzliyəm ki, onu oynatmayım? Sonra rəhbərlik o uşağı komandadan çıxardı, söhbət mənim "başımda çatladı".

Valideyni məşqə içkili gəlirdi, nalayiq sözlər işlədirdi, məşqçiləri təhqir edirdi. Orada da hamının anası-bacısı olurdu. Düzgün deyil axı. Deyirdi ki, mənim uşağıma haqsızlıq edirlər, o, hamıdan yaxşıdır. Hamının uşağı ona güclü görünə bilər. Amma müəllim bizik, onları biz seçirik. Belə çıxır ki, biz dayanaq kənarda, valideynlər özləri uşaqlara məşq keçsinlər. Mənim niyyətim nədir? Azərbaycan millisi üçün yaxşı futbolçu yetişdirmək".

İddiaya görə, Muradov H.H adlı futbolçunu (yetkinlik yaşına çatmadığı üçün uşağın adını tam yazmırıq - red.) təhqir edib. Uşağın dediyinə görə, məşçi komanda yoldaşlarının yanında ona "zəif", "fərsiz", "bacarıqsız" deyərək aşağılayıb. Onun valideyni də bu iddia ilə polisə üz tutub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!