Azərbaycanda üç klubun başına gələn “oyun” – Sonu yaxşı görünmür

16:30 Problem 421
Azərbaycanda üç klubun başına gələn “oyun” – Sonu yaxşı görünmür

UEFA-nın “Turan Tovuz”a tətbiq etdiyi sanksiya təkcə Tovuz təmsilçisində yox, ümumilikdə üç klubda durğunluq yaradıb.

“Turan Tovuz”la yanaşı, “Neftçi”ylə “Zirə” də yerində donub, dayanıb.

Sabah nə olacağını heç kim bilmir. Klubdakıların gözləri də, qulaqları da İdman Arbitraj Məhkəməsindən (CAS) gələcək cavab məktubuna dikilib.

Allah eləməsin, “Turan Tovuz”a verilmiş avrokuboklardan kənarlaşdırılma cəzası qüvvədə qalsa, bölgə təmsilçisini “Neftçi”, “Neftçi”ni isə “Zirə” əvəz edəcək.

Bu, o deməkdir ki, “ağ-qaralar” Konfrans Liqasında mübarizəyə 2-ci mərhələdən başlasa, iyulun 23-də ilk oyuna çıxmalı olacaq. “Zirə” isə həmin turnirdə ilk matça iyulun 9-da çıxacaq.

Yox, CAS tovuzluların şikayətinə müsbət cavab versə, o zaman daşlar əvvəlki plana əsasən yerinə oturacaq. “Turan Tovuz” iyulun 9-da, “Neftçi” iyulun 23-də başlayacaq.

Hələ ki, ortada qərar yoxdur. Və belə olması hər üç klubun planlarına mənfi təsir etməkdədir.

Konfrans Liqasının püşkü iyunun 16-da atılacaq. Həmin günə qədər qərar açıqlanmalıdır.

Bu, o deməkdir ki, “Zirə” sözügedən yarışda “Turan Tovuz”u əvəz etsə, Rəşad Sadıqovun ixtiyarında cəmi üç həftə vaxt olacaq.

Bu, o deməkdir ki, “Turan Tovuz”a tətbiq olunan sanksiya qüvvədə qalsa, “Neftçi”nin vaxtı uzanacaq, Yuri Vernidubun planları dəyişəcək.

Yox, “Turan Tovuz”a xoş xəbər gəlsə, bu, istənilən halda bölgə komandasına psixoloji təsir edəcək və planlarda dəyşiklik qaçılmaz olacaq.

Qısası, növbəti avrokubok mövsümündə Konfrans Liqasındakı iştirakçılarımızı istənilən halda istədiyi kimi hazırlaşa bilməyəcək. Çünki iki həftədir davam edən çəkişmə hər birinə mənfi mənada təsirini göstərib.

Təlim-məşq toplanışının vaxtı, transferlərin tezləşdirilməsi, vizaların açılması, biletlərin alınması, yoxlama matçlarının tarixi – bu dəqiqə bütün məsələlərdə durğunluq yaşanır.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti