Azərbaycan çempionatın I Liqasında mövsümə yekun vuruldu. “Şəfa”nın çempionluğu 2 tur əvvəl rəsmiləşmişdisə, pley-offa vəsiqə verən ikinci yerin sahibi, eləcə də liqanı tərk edəcək komandanın adı son turda dəqiqləşdi. Ötən mövsümün yekunlarına görə, II Liqanın gümüş medalçısı kimi I Liqaya yüksələn “Şəfa”dan bəlkə də əksəriyyət çempionluq gözləmirdi. Mövsümün əvvəlində oliqarx Adnan Əhmədzadənin “Mingəçevir”inin adı rəqibləri üçün vahiməli görünürdü, “Səbail”in vəziyyəti əvvəlkitək yaxşı olmasa da, illərlə Premyer Liqa rəqabətini, təcrübəsini yaşamış klub olaraq əsas favortlərdən sayıılırdı.
Hüseyn Rzayevin böyük əmək sərf edərək qurub-yaratdığı “Baku Sportinq”in də hədəfi Premyer Liqa idi. Sonda məqsədinə çatan isə “Şəfa” oldu. Kluba himayədarlıq edən “My Qrup”un uğur və inkişaf üçün xərclədiyi vəsait boşuna getmədi.
Hələ mövsüm başlamamış “Şəfa” transferləri, oyunçulara təklif etdiyi müqavilə şərtləri dillərə düşmüşdü.
“Səbail”, “Mingəçevir”, “Şahdağ Qusar” və “Baku Sportinq”dən fərqli olaraq, “Şəfa”nın heyəti büsbütün yerli futbolçulardan ibarət idi. Yalnzı iranlı hücumçu Əmir Ebrahimzadə istisna olmaqla. Mart ayına qədər “Şəfa”nın prezidenti Sərdar Salmanzadə idi. Məntiqlə uğurda əsas rolu olan şəxslərdən biridir. Qəfildən nə oldusa, martın əvvəli Salmanzadə postundan getdi. Mediaya aşıqlamasında “klubun strategiyası ilə bağlı fikir ayrılığı oldu, inşallah, fəaliyyətimi daha miqyaslı layihələrlə davam etdirəcəm” deməklə kifayətləndi. Sərdar Salmanzadəni bugünlərdə “Sea Brezze Arena”nın təqdimat mərasimində layihə rəhbəri kimi gördükdə, onun hansı irimiqyaslı layihəni nəzərdə tutduğu anlaşıldı.
Çempion Elgiz Kərəmlini baş məşqçi postundan göndərməyə qərar verib: halbuki 1 il əvvəl Salmanzadənin Kərəmli ilə imzaladığı müqavilədə xüsusi bənd var ki, “Şəfa” Premyer Liqaya vəsiqı qazanrsa, kontrakt azı 1 illik uzadılacaq. Klubun rəhbəri, prezidenti dəyişə bilər, amma bu, hüququ cəhətdən müqavilə şərtlərini pozmağa əsas vermir.
“Şəfa”nın, onsuz da, yeni mövsümdə minimal hədəfi liqada qalmaq olacaq. Niyə Elgiz Kərəmli işini daha peəkar müstəvidə davam etdirməsin? Böyük məşqçi olmaq ucun elə bu cür - Birinci və İkinci liqalardan başlayıb yüksəlirsən.
Nəticələrə gəldikdə, “Şəfa” ən yaxın izləyicisini 5 xal qabaqlamaqla çempion oldu. Oyunçu və məşqçilərə nə lazım - maaşlar yüksık, pul vaxtında verilir, qələbələrə görə mükafatlar da öz yerində. Bir sözlə, pulun varsa, çempionluq da var. “Şəfa” “Səbail”lə yanaşı, mövsüm ərzində ən az qol buraxan komanda oldu. 20-ci tura qədər məğlubiyyət nə olduğunu bilmədilər. Həmin tur əsas rəqiblərindən “Mingecevir”dən ağır məğlubiyyət aldılar - 2:5. Bir də son turda artıq hər şeyin həll olunduqdan sonra - “Zaqatala” ilə formal oyunda 1:2 hesabıyla uduzdular. Bir sözlə, “Şəfa” haqq etdiyi, layiq olduğu çempionluğu qazandı.
İlkin Fikrətoğlu

